“XƏZƏR HƏFTƏSİ” BAŞA ÇATMIŞDIR
Bakı, 1 oktyabr (AZƏRTAC). Beynəlxalq Dəniz gününün qeyd olunması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən keçirilən “Xəzər həftəsi” başa çatmışdır.
ETSN-nin hazırladığı tədbirlər planına uyğun olaraq həftə ərzində nazirliyin müvafiq qurumları tərəfindən bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə Xəzər dənizinin sahil zolağında iməciliklər, bir sıra təhsil ocaqlarında bioloji resursların mühafizə olunması və artırılması ilə bağlı məruzələr təşkil edilmişdir.
Belə ki, Lənkəran şəhərinin Xəzər dənizi boyu 5 kilometrlik sahil zolağında iməcilik keçirilmiş və ərazi 5 ton məişət və digər növ tullantılardan təmizlənmişdir.
Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Sabirabad rayonlarının təhsil və mədəniyyət müəssisələrində Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barəsində mühazirələr, Neftçala rayonunun Xəzər dənizi sahil zolağında iməciliklər keçirilmişdir.
Sumqayıt, Abşeron, Qobustan və Xızıda bir sıra orta məktəblərdə Xəzərin mühafizəsi ilə bağlı görülmüş işlər barədə məlumatlar verilmiş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.
Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzənin bir sıra orta məktəblərində “Dəniz və okeanların bioresurslarının qorunub saxlanması” mövzusunda mühazirələr oxunmuş, məktəblilərə bu mövzuda maarifləndirici fotoslaydlar nümayiş etdirilmiş və viktorinalar keçirilmişdir. Eyni zamanda, Müqtədir və Nabran inzibati ərazi vahidliyinin bələdiyyələri, icra nümayəndələri və məktəb kollektivi ilə dəniz sahilində ətraf mühitin mühafizəsi ilə əlaqədar iməcilik təşkil etmişlər.
Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədi ilə nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonu Xıllı nərə balıqartırma zavodunda olmuşlar.