“Xəzər həftəsi” başa çatmışdır
Bakı, 1 oktyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən sentyabrın 26-dan 30-dək keçirilən “Xəzər həftəsi”nə yekun vurulmuşdur.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər dənizinin Azərbaycana aid 955 kilometrlik sahil zolağında (Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran ərazilərində) vətəndaşların, yerli icra strukturları, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri və mətbuat nümayəndələrinin iştirakı ilə iməciliklər keçirilmiş, məişət və sənaye tullantıları yığılaraq zibil poliqonuna daşınmışdır. Həmçinin orta təhsil müəssisələrində nazirliyin mütəxəssisləri tərəfindən “Mavi Xəzərimiz” mövzusunda məşğələlər təşkil edilmiş, idarə və müəssisələrdə Xəzər dənizi bioresurslarının mühafizəsinin vacibliyi barədə mühazirələr oxunmuş, ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumat verilmişdir.
Eyni zamanda, Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə nazirliyin əməkdaşları KİV nümayəndələri ilə birgə Xıllı nərə balıqartırma zavodunda olmuşlar.
Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Bununla da, Beynəlxalq Dəniz Günü ilə əlaqədar ETSN-in “Xəzər həftəsi” çərçivəsində nəzərdə tutduğu bütün tədbirlər başa çatmışdır.