MƏDƏNİYYƏT
Xəzər rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhid ailəsini ziyarət ediblər
Bakı, 9 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları şəhid Bəhram və İman qardaşlarının ailəsini ziyarət ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhid ailəsi ilə görüşdə kitabxananın əməkdaşları, fəal oxucuları və Binə Mədəniyyət Mərkəzinin kollektivi iştirak edib.
Ziyarət zamanı ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, Bəhram və İman qardaşlarının müharibədə göstərdiyi şücaətlərdən bəhs edilib. Yurd yerlərimizin düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş igid Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Bəhram və İman Məmmədzadələr oktyabrın 27-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olublar. Qəhrəman qardaşlar Bakının Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediliblər.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bəhram və İman Məmmədzadələr şəhadətlərindən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
Qeyd edilib ki, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, yaşatmaq, doğmalarına diqqət göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.