CƏMİYYƏT
Xəzər rayonunda “Xarıbülbül” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 29 Aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş “Xarıbülbül” adlı Azərbaycan və dünya rəqsləri festivalı keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, Şüvəlan Mədəniyyət Evində keçirilən festival çərçivəsində Xəzər rayonu üzrə ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət rəqs kollektivlərinin iştirakı ilə müxtəlif rəqs kompozisiyaları nümayiş olunub.
Festivalın təşkilində əsas məqsəd uşaq və gənclərin yaradıcı potensiallarının üzə çıxarılması və stimullaşdırılmasıdır. Həmçinin rəqs sənətinin mədəni-sosial müxtəlifliyə baxmayaraq, insanlar arasında emosional özünüifadə forması, eləcə də dil baryerini aşaraq qəlblər arasında harmoniya yaratmasına diqqət çəkməkdir.
Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, baş məsləhətçi Dilşad Nuriyeva, Şüvəlan Mədəniyyət Evinin direktoru Səma Sadıxova, Mədəniyyət Evinin əməkdaşı Güləndam İskəndərova iştirak ediblər.
Rəqs kompozisiyaları münsiflər - Əməkdar mədəniyyət işçiləri Dilbər Abdullayeva, Elçin Allahverdiyev tərəfindən qiymətləndirilib.