CƏMİYYƏT
Xəzər rayonundakı ictimai-iaşə obyektlərində monitorinqlər keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Baş nazirinin “Əhalinin kütləvi toplaşdığı bütün növ xidmət və ticarət obyektlərində baş verə biləcək fövqəladə hal, qəza risklərinin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması işinin təşkili ilə bağlı tədbirlər barədə” Sərəncamına və Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına əsasən qadağan olunan qaz cihazlarından istifadə hallarının qarşısının alınması məqsədilə rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı xüsusi işçi qruplar yaradılıb.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin, sahə müvəkkillərinin, Bakı Regional Qaz İstismar Departamentinin Xəzər rayon Texniki İstismar Xidmətinin, 4 saylı Ərazi Yanğına Nəzarət İdarəsinin və Mənzil İstismar Sahələrinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar tərəfindən rayon ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində maarifləndirici monitorinqlərin aparılmasına başlanılıb.
Əvvəlcə işçi qruplar tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxış keçirilib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbət aparılıb.
Bildirilib ki, monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində mütəmadi olaraq monitorinqlərin keçirilməsi nəzərdə tutulub.