ELM VƏ TƏHSİL
Xəzər Universitetində “Creative Spark” layihəsi ilə bağlı müzakirələr aparılıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Xəzər Universitetində “Creative Spark” layihəsi ilə bağlı ilk görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva layihə barədə məlumat verib. O bildirib ki, Xəzər Universiteti Britaniyanın Middlesex Universiteti ilə əməkdaşlıq çərçivəsində bu il üçün elan olunmuş “Creative Spark” proqramının qalibi olub. Layihənin məqsədi dizayn ixtisasında təhsil alan tələbələrin biznes bacarıqlarını inkişaf etdirməkdir. Qeyd edilib ki, sentyabrın əvvəlində “Creative Spark” proqramı çərçivəsində əməkdaş universitetlər arasında Oksford şəhərində ilkin görüşlər keçirilib.
Sonra layihə ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, "Creative Spark" Britaniyanın dəstəyilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində, Ukraynada biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.