ELM VƏ TƏHSİL
Xəzər Universitetinin hüquq tədris mərkəzində korrupsiya qanunvericiliyi və insan hüquqları üzrə növbəti təlim keçiriləcəkdir
Bakı, 5 yanvar (AZƏRTAC). Fevralın 9-da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Xəzər Universiteti və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə layihəsi olan hüquq tədris mərkəzində korrupsiya qanunvericiliyi və insan hüquqları üzrə təlim keçiriləcəkdir.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, təlimdə korrupsiya anlayışı, onun yaranma səbəbləri, nəticələri müzakirə ediləcəkdir. Həmçinin Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində qanunvericilik və onun tətbiqi təcrübəsi, eləcə də beynəlxalq antikorrupsiya qurumlarının fəaliyyəti təhlil olunacaqdır.
ABŞ-ın Ohayo Şimal Universitetində hüquq magistri təhsili almış Selcan Məmmədli tərəfindən aparılacaq təlimdə iştirak etmək istəyənlər yanvarın 27-dək qeydiyyatdan keçməlidirlər (əlaqə telefonu: 421-68-37; 421-10-40).