XƏZƏRDƏ YAXTA İLƏ GƏZİNTİ
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 13-də yaxta ilə Xəzər dənizinin Azərbaycan sahilində gəzintidə olmuşdur.
Hazırda dünyanın ən sürətlə inkişaf edən şəhərlərindən sayılan Bakı dənizdən daha füsunkar görünür. Ölkəmizin paytaxtı nəhəng tikinti meydançasını xatırladır. Yeni tikintilər, paytaxtda aparılan abadlıq-quruculuq işləri, yaşıllaşdırma və yenidənqurma tədbirləri doğma şəhərimizə xüsusi yaraşıq verir. Bakı Azərbaycanda uğurla həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatları əyani surətdə təcəssüm etdirir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən müdrik siyasəti, uğurlu neft strategiyası nəticəsində Xəzər dənizi indi dünyanın diqqət mərkəzindədir. Prezident İlham Əliyevin həmin siyasəti müvəffəqiyyətlə davam etdirməsi nəticəsində isə Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin olunmasında həlledici mövqeyini gündən-günə möhkəmləndirir. Ölkəmiz beynəlxalq birliyə sürətlə inteqrasiya edir.
Respublikamıza rəsmi səfəri zamanı Azərbaycan reallıqları ilə yaxından tanış olan Tacikistan Prezidenti Emoməli Rəhmon Xəzərdə gəzintidən də zəngin təəssürat aldı, şəhərimizin panoramını maraqla seyr etdi.