MƏDƏNİYYƏT
Xəzərin sahilində yaradıcılıq, dostluq və məhəbbət bayramı
Azərbaycan Milli İncəsənət Muzeyində “Gürcüstandan sevgilərlə” sərgisi açılıb
Bakı, 18 noyabr, Ayişə Axundova, AZƏRTAC
Noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin, Gürcüstan Rəssamlar İttifaqının təşkilatçılığı ilə “Gürcüstandan sevgilərlə” sərgisinin açılışı olub.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze, Gürcüstan Milli İncəsənət Muzeyinin baş direktoru, professor David Lordkipanidze, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tsertsvadze təntənəli mərasimdə çıxış edərək, Azərbaycan və gürcü xalqları arasında tarixən təşəkkül tapmış dostluq münasibətlərindən, mədəniyyət və incəsənət sahəsində uğurlu əməkdaşlıqdan söz açıblar. Vurğulanıb ki, Azərbaycanın və Gürcüstanın mədəni əlaqələrinin inkişafı bundan sonra da dəstəklənəcəkdir. Sərginin kataloqunun təqdimatının gözlənildiyi barədə məlumat verilib.
Tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi ilə Gürcüstan Milli İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Azərbaycan tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev, Gürcüstan tərəfindən Gürcüstan Milli İncəsənət Muzeyinin direktoru David Lordkipanidze imzalayıblar.
Gürcü rəssamı Aftandil Topuriyanın rəngkarlıq tablosu Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə Gürcüstanın müasir incəsənət əsərləri - tanınmış və gənc rəssamların 130 rəngkarlıq və 62 qrafik əsəri nümayiş etdirilir. Sərgidə nümayiş etdirilən rəngkarlıq əsərləri və heykəltəraşlıq kompozisiyaları özünəməxsusluğu, forma və mövzu rəngarəngliyi ilə seçilir.
Sərgi iki həftə davam edəcək.