Azərbaycan Dövlət İnformasiya Agentliyi

XI FƏSİL
SIĞORTA VASİTƏÇİLƏRİ

Maddə 82. Sığorta vasitəçilərinin fəaliyyətinin əsasları

82.1. Bu Qanunun məqsədləri üçün sığorta agentləri və sığorta brokerləri sığorta vasitəçiləri hesab edilir.

82.2. Sığorta agenti sığortaçının adından və onun verdiyi səlahiyyətlər daxilində sığorta müqavilələrinin bağlanmasında, davam etdirilməsində və ya yenilənməsində, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyəti göstərən fiziki, yaxud hüquqi şəxsdir. Sığorta agenti bir neçə sığortaçının sığorta agenti kimi fəaliyyət göstərə bilər.

82.3. Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

82.4. Sığorta vasitəçiləri müştərilərinə göstərdikləri vasitəçilik, yaxud məsləhət xidmətlərinə görə komissiya və ya muzd alırlar.

82.5. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyini sərbəst və ya hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri, yaxud adi işçisi kimi onun adından həyata keçirə bilər.

82.6. Hüquqi şəxs olan sığorta vasitəçisinin icra orqanının rəhbəri kimi onun adından müvafiq sığorta vasitəçiliyini həyata keçirən fiziki şəxs belə fəaliyyətlə sərbəst məşğul ola bilməz.

82.7. Hüquqi şəxs olan sığorta vasitəçiləri istənilən təşkilati-hüquqi formaya malik ola bilər.

82.8. Sığorta vasitəçilərinin fəaliyyətinin tənzimlənməsi üçün sığorta nəzarəti orqanı müvafiq təlimatlar və qaydalar qəbul edə bilər.

Maddə 83. Sığorta vasitəçiliyi fəaliyyətinin lisenziyalaşdırılması

83.1. Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün sığorta nəzarəti orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə müvafiq qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

83.2. Fiziki şəxs müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

83.2.1. ən azı 21 yaşının olması;

83.2.2. müvafiq lisenziya almaq istəyən şəxslər üçün sığorta nəzarəti orqanının müəyyən etdiyi qaydalara əsasən həmin orqanda müvafiq attestasiyadan keçməsi;

83.2.3. sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyasının əvvəllər ləğv edilməməsi;

83.2.4. iqtisadi fəaliyyət və mülkiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətə görə heç zaman məhkum edilməməsi;

83.2.5. sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmaması.

83.3. Hüquqi şəxs sığorta agenti fəaliyyətinə lisenziya almaq üçün onun əmək müqaviləsi əsasında işçisi olan ən azı bir şəxs fiziki şəxs kimi sığorta agenti lisenziyasına malik olmalıdır.

83.4. Hüquqi şəxs olan sığorta brokeri, habelə müstəsna olaraq sığorta agenti olmaq üçün təsis edilmiş hüquqi şəxs müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün onun icra orqanının rəhbəri fiziki şəxs kimi həmin lisenziyaya malik olmalıdır.

83.5. Hüquqi şəxs olan sığorta brokerinin səhmdarı və ya iştirakçısı sığorta əməliyyatlarına nəzarət etmək, istiqamətləndirmək və ya cəlb etmək üçün məcbur etmə, təzyiq və ya təsir göstərmə imkanı verən mövqeyə malik olmamalıdır.

83.6. Bu Qanunun 83.2.5-ci və 83.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslərin kateqoriyasını sığorta nəzarəti orqanı müəyyən edir.

83.7. Şəxs sığorta agenti və sığorta brokeri fəaliyyətləri ilə eyni vaxtda məşğul ola bilməz.

83.8. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə verilən lisenziya müddətsizdir.

83.9. Sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verilməsi, onun qüvvəsinin dayandırılması və ya ləğvi qaydaları bu Qanunla müəyyən edilir.

Maddə 84. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün tələb

olunan sənədlər

84.1. Sığorta vasitəçisi olmaq istəyən şəxs müvafiq lisenziyanı almaq üçün bu Qanunun 83.2-83.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğu təsdiq edən sənədlər və məlumatlardan başqa aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidir:

84.1.1. Fiziki şəxslər:

84.1.1.1. daimi yaşayış yeri haqqında arayış;

84.1.1.2. bu Qanunun 84.3-cü maddəsi nəzərə alınmaqla, müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

84.1.2. hüquqi şəxslər:

84.1.2.1. dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

84.1.2.2. nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

84.1.2.3. rəhbər vəzifəyə təyin edilən şəxsin bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər;

84.1.2.4. bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçinin müvafiq lisenziyaya malik olmasını təsdiq edən sənəd.

84.2. Şəxsin bu Qanunun 83.2.4-cü maddəsində nəzərdə tutulan tələbə uyğunluğuna dair sənədi sığorta nəzarəti orqanının sorğusu əsasında daxili işlər orqanı təqdim edir.

84.3. Müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmaq üçün təsis edilmiş hüquqi şəxsin icra orqanının rəhbəri kimi namizədliyi verilmiş fiziki şəxslərə, həmçinin bu Qanunun 83.3-cü maddəsində nəzərdə tutulmuş işçiyə müvafiq lisenziyanın verilməsi ilə bağlı hüquqi şəxsin müraciətinə baxılarkən bu Qanunun 84.1.1.2-ci maddəsində göstərilmiş sənədin təqdim edilməsi tələb olunmur.

Maddə 85. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün

müraciətə baxılması

85.1. Müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətlə bağlı sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda sığorta nəzarəti orqanı sənədlərin tam həcmdə təqdim edilməsini, məlumatların tamamlanmasını və ya düzəldilməsini tələb edə bilər.

85.2. Sığorta nəzarəti orqanı müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi üçün müraciətə bu Qanunun 84.1-ci maddəsinə əsasən tələb olunan sənədlərdən, 85.1-ci maddəsinə uyğun olaraq tələb olunduqda isə, əlavələr və ya düzəlişlər edilmiş sənədlərdən sonuncusunun təqdim edildiyi tarixdən etibarən 1 ay ərzində baxmalıdır.

85.3. Sığorta vasitəçilərinə lisenziya verilməsi üçün ödənilən dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilir.

Maddə 86. Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya verilməsi

86.1. Sığorta nəzarəti orqanı lisenziya verilməsi üçün müraciət zamanı təqdim olunan sənədləri və məlumatları bu Qanunun tələblərinə uyğun hesab edib bu barədə müraciət edənə bildirdikdən və lisenziya verilməsi üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən bank sənədi təqdim olunduqdan sonra müvafiq olaraq sığorta agenti və ya sığorta brokeri fəaliyyətinə lisenziya verir.

86.2. Sığorta nəzarəti orqanı lisenziyanın verilməsi və ya lisenziya verilməsindən imtina olunması barədə məlumatı müraciət edənə bu Qanunun 85.2-ci maddəsində göstərilən müddətdə yazılı bildiriş göndərməklə çatdırır. Lisenziya sığorta nəzarəti orqanı tərəfindən fiziki şəxs olan sığorta vasitəçisinin özünə və ya hüquqi şəxs olan sığorta vasitəçisinin səlahiyyətli nümayəndəsinə şəxsən təqdim edilir.

Maddə 87. Sığorta vasitəçilərinin lisenziyalarının forması, yenilənməsi

və reyestri

87.1. Bu Qanunun 87.2-ci maddəsi nəzərə alınmaqla, sığortaçıların lisenziyasının forması ilə bağlı 53-cü maddəsinin, reyestri ilə bağlı 54-cü maddəsinin və yenilənməsi ilə bağlı 60-cı maddəsinin müvafiq tələbləri sığorta agentlərinin və sığorta brokerlərinin lisenziyalarının formasına, reyestrinə və yenilənməsinə də tətbiq edilir.

87.2. Sığorta vasitəçilərinə verilən lisenziyada fəaliyyət növü kimi müvafiq olaraq «sığorta agenti fəaliyyəti» və ya «sığorta brokeri fəaliyyəti» qeyd edilir.

Maddə 88. Sığorta brokerinə dair əlavə tələblər

88.1. Sığorta brokeri müvafiq lisenziya aldıqdan 15 gün müddətində öz peşə məsuliyyətini sığorta nəzarəti orqanının müəyyən etdiyi məbləğdə sığorta etdirməli və belə sığorta onun fəaliyyətinin bütün müddəti ərzində təmin olunmalıdır.

88.2. Sığorta müqaviləsinin bağlanmasında vasitəçilik və ya məsləhət xidməti göstərmiş sığorta brokerinin həmin müqavilə üzrə risklərin təkrarsığortalanması zamanı vasitəçilik və ya məsləhət xidmətinə cəlb edilməsi qadağandır. Bu tələbə riayət etməməyə görə həm sığorta brokeri, həm də müvafiq sığortaçı məsuliyyət daşıyır.

Maddə 89. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq

sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin

təsisçiləri və ya iştirakçılarına dair tələblər

89.1. Aşağıda göstərilən şəxslər istisna edilməklə, hər bir şəxs sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin təsisçisi və iştirakçısı ola bilər:

89.1.1. bu Qanunun 89.1.2-ci maddəsinin tələblərinə cavab verməyən xarici hüquqi şəxsin törəmə cəmiyyəti olan yerli hüquqi şəxs;

89.1.2. aşağıdakı tələblərə cavab verməyən xarici şəxs:

89.1.2.1. ən azı son 5 il ərzində sığorta brokeri fəaliyyəti ilə məşğul olması;

89.1.2.2. öz ölkəsində sığorta brokeri fəaliyyəti ilə məşğul olmasının qadağan edilməməsi.

89.1.3. siyasi partiyalar;

89.1.4. qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar).

89.2. Hüquqi şəxs olan sığorta brokerinin təsisçisi və iştirakçısı eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.

89.3. Xarici sığorta brokerlərinin Azərbaycan Respublikasının ərazisində filial açması qadağandır.

Maddə 90. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq

sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı

90.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adı Azərbaycan dilində müəyyən edilməlidir.

90.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında məna ifadə etməyən sözlərdən, o cümlədən hərf birləşmələrindən ibarət olan adlardan istifadə edilməsi qadağandır.

90.3. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs adının əks olunduğu lövhələrdə, blanklarda, möhürlərdə və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlarda, reklam və elanlarda nizamnaməsində müəyyən olunan tam və ya qısaldılmış addan istifadə etməlidir.

90.4. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında müvafiq olaraq «sığorta brokeri» və “sığorta agenti” sözləri olmalıdır.

90.5. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin adında «Azərbaycan», «dövlət», «milli», «mərkəzi», «büdcə», yaxud «respublika» sözlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə olunur.

90.6. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin öz adında əvvəllər təsis edilmiş və fəaliyyət göstərən sığorta vasitəçilərinin, habelə xarici sığorta vasitəçilərinin adları ilə eyni olan, yaxud bir-biri ilə dəyişik salınacaq dərəcədə oxşar olan söz və ya söz birləşmələrindən istifadə etməsi qadağandır.

90.7. Bu Qanunun 90.1-ci və 90.6-cı maddəsinin tələbləri öz adında nizamnamə kapitalının əlli faiz və ya daha çox hissəsinə malik olan xarici hüquqi şəxsin adından istifadə edən sığorta vasitəçisinə şamil olunmur.

Maddə 91. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq

sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər

işçilərinə dair tələblər

91.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri, onun müavinləri və baş mühasibi onun rəhbər işçiləridir.

91.2. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin ali təhsili olmalıdır.

91.3. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçiləri aşağıda göstərilən iş təcrübəsinə malik olmalıdırlar:

91.3.1. icra orqanın rəhbəri və onun müavinləri - maliyyə sahəsində ştat işçisi kimi ən azı 2 il;

91.3.2. baş mühasibi - mühasib kimi ən azı 2 il.

91.4. Müvafiq sığorta vasitəçisi lisenziyasına malik olmayan fiziki şəxs hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin icra orqanının rəhbəri ola bilməz.

Maddə 92. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq

sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər

işçilərinin təyin edilməsi

92.1. Hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəyə sığorta nəzarəti orqanının razılığı ilə təyin edilir.

92.2. Sığorta nəzarəti orqanının razılığı olmadan hüquqi şəxs olan sığorta brokerinin və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisi vəzifəsinə təyinat, o cümlədən müvəqqəti təyinat barədə qərar qəbul edildiyi andan etibarsızdır.

92.3. Sığorta nəzarəti orqanı şəxsin rəhbər işçi vəzifəsinə təyinatı ilə bağlı müvafiq sənədlər və məlumatlar hüquqi şəxs olan sığorta vasitəçisi tərəfindən təqdim edildiyi tarixdən 10 iş günü müddətində təyinata razılıq, yaxud bu Qanunun 91-ci maddəsinin tələblərinə uyğunsuzluq aşkar etdikdə razılıqdan imtina barədə hüquqi şəxs olan sığorta brokerinə yazılı bildiriş göndərir.

92.4. Sığorta nəzarəti orqanının hər hansı şəxsin hüquqi şəxs olan sığorta vasitəçisinin rəhbər işçisi vəzifəsinə təyinatı ilə bağlı bu Qanunun 92.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə həmin maddəyə uyğun olaraq hər hansı bir yazılı münasibət bildirməməsi qeyd olunan təyinata bu orqanın razılığı kimi qiymətləndirilir.

92.5. Razılığın verilməsi üçün əsas kimi götürülmüş məlumatların yanlış olması sonradan aşkar edildikdə sığorta nəzarəti orqanı hüquqi şəxs olan sığorta brokerinin və ya müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin rəhbər işçisinin təyin edilməsinə verdiyi razılığın geri alınması və onun əsasında vəzifəyə təyin edilmiş şəxsin vəzifəsindən kənarlaşdırılması ilə bağlı təqdimat verə bilər.

Maddə 93. Sığorta vasitəçilərinin hesabatları və məlumatları

93.1. Sığortaçıların hesabatları və məlumatları ilə bağlı bu Qanunun tələbləri hüquqi şəxs olan sığorta brokerlərinə də şamil edilir.

93.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallardan başqa hüquqi şəxs olan sığorta brokerlərinin maliyyə hesabatlarının müstəqil auditor tərəfindən yoxlanılması tələb olunmur.

93.3. Sığorta vasitəçilərinin hesabatları və ya məlumatları ilə bağlı əlavə tələblər sığorta nəzarəti orqanının qəbul etdiyi müvafiq təlimat və ya qaydalarda nəzərdə tutula bilər.

Maddə 94. Sığorta vasitəçilərinin digər fəaliyyət növləri ilə məşğul

olması

94.1. Sığorta brokeri fəaliyyəti sığorta brokerinin, sığorta agenti fəaliyyəti isə müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin əsas fəaliyyət növüdür.

94.2. Sığorta vasitəçisi fəaliyyəti ilə yanaşı başqa vəzifə tutan və ya başqa fəaliyyətlə məşğul olan fiziki şəxs, bu vəzifə və ya fəaliyyətlə bağlı maraqlarının sığorta vasitəçisi kimi qərar qəbul etməsinə, səlahiyyətlərini həyata keçirməsinə xələl gətirməsinə imkan verməməlidir.

94.3. Fiziki şəxs olan sığorta brokeri eyni zamanda sığortaçıda vəzifə tuta bilməz.

94.4. Hüquqi şəxs olan sığorta brokeri və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxs əsas fəaliyyətindən başqa yalnız aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilər:

94.4.1. sığorta sahəsində mütəxəssislərin ixtisasının artırılması məqsədilə təlimin təşkili və keçirilməsi;

94.4.2. sığortaya və əlaqəli fəaliyyət sahələrinə aid xüsusi ədəbiyyatın müxtəlif növ məlumat daşıyıcılarında hazırlanması və satışı;

94.4.3. sığorta ilə bağlı xüsusi proqram təminatının hazırlanması və satışı;

94.4.4. öz müştərilərinin sənədlərinin hüquqi ekspertizasının keçirilməsi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin