MƏDƏNİYYƏT
Xınalıqda atçılıq turizmi inkişaf etdiriləcəkdir
Quba, 28 aprel (AZƏRTAC, Elxan Yusifli). Quba rayonun qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyi və nadir memarlıq görkəminə görə daim turistlərin diqqətini cəlbb etmişdir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xınalıq kəndinin tarixi ərazisi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edildikdən sonra burada tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədiilə kompleks tədbirlər həyata keçirilmişdir. Kənddə orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.
Dəniz səviyyəsindən 2 min 300 metr yüksəklikdə yerləşmiş kənddə daim yerli, eləcə də çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür.
“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev AZƏRTAC -a bildirmişdir ki, son üç ildə kəndi 10 mindən artıq turist ziyarət etmişdir. Bu turistlərin təxminən yarısı əcnəbilər olmuşlar. Kəndə daha çox turistin cəlb olunması üçün əlavə tədbirlər həyata keçirilməkdədir. “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun nəznində yardımçı təsərüffat qurulur. Bu təsərrüfatda atçılıq turizminin inkişaf etdirilməsi üçün şərait yaradılacaqdır.Bundan sonra turistlər qoruğa aid olan, amma Xınalıq kəndinindən 15-18 kilometr uzaqlıqda yerləşmiş tarixi məkanlara at belində səyahət edə biləcəklər. Bundan başqa xarici ölkələrdən gəlmiş turistlərə yardım etmək məqsədilə müxtəlif əcnəbi dilləri bilən bələdçilər ayrılmışdır.