REGİONLAR
Xırdalan şəhərində iftar süfrəsi açılıb
Xırdalan, 30 aprel, Ə.Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində Birinci Qarabağ və Vətən müharibələrində ölkəmizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinə və qazilər üçün növbəti iftar süfrəsi açılıb. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron rayon təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
RİH başçısı Abdin Fərzəliyev xalqımızın döyüş meydanında qazandığı qələbədən danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 günə böyük Zəfər qazanaraq xalqımızın torpaq həsrətinə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Vətən müharibəsi zamanı həm Birinci Qarabağ, həm də Vətən müharibələrində şəhid olan, eləcə də mənfur düşmənin dinc əhaliyə qarşı açdığı atəş nəticəsində həlak olan bütün soydaşlarımızın qisası döyüş meydanında alındı. Azərbaycanın qüdrətli orduya malik olduğu qeyd edilərək, bundan sonra vətənimizə qarşı yönələ biləcək bütün təxribatların yerindəcə məhv ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Vurğulanıb ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir, onların problemlərinin həllinə diqqətlə yanaşılır.
Xalqımızın bütün bayram və şad günlərində şəhid ailələrinin və qazilərin diqqətdə saxlanılacağını, Abşeron rayonunda onlara bundan sonra da daimi olaraq qayğının göstəriləcəyini bildirən RİH başçısı burada əsas məqsədin həyatımızın bütün anlarında şəhidlərimizin əziz xatirəsini yada salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd edib.
Sonra Birinci Qarabağ müharibəsi qazisi və Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası Rəhman Mehdiyev, şəhid Ceyhun Useynovun anası Kəmalə Useynova, qazi Zaur Hüseynli, ilahiyyatçı Rasim Xadaverdiyev və Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli Qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışıblar. Çıxışçılar şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayaraq, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Sonda Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş qazilər tərəfindən şəhid ailələrinə hədiyyələr təqdim olunub.