REGİONLAR
Xırdalanın su və kanalizasiya sistemləri yenilənir
Xırdalan, 14 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan hökumətinin və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri aparılır.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev AZƏRTAC–a bildirib ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyulunda başlanılan layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin hesabına aparılacaq. Bildirilib ki, buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan +118 “Abşeron” və +82 “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 4,5 kilometr uzunluğunda magistral su xəttinin tikintisi nəzərdə tutulur. Hazırda magistral kəmərin 1,3 kilometrlik hissəsi inşa olunub və su anbarlarının tikintisi davam etdirilir.
İ.Quliyev, həmçinin Xırdalan şəhərində 168 kilometr uzunluğunda paylayıcı su şəbəkəsinin tikintisinin və 21 min 170 ədəd ev birləşməsinin verilməsinin, abonentlərin sayğaclarla təmin olunmasının nəzərdə tutulduğunu da vurğulayıb. Artıq paylayıcı su şəbəkəsinin 108 kilometrlik hissəsində işlər yekunlaşıb, 11 min 582 ev birləşməsi və 902 sayğac quraşdırılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının 251-i sistemə qoşulub.
Eyni zamanda, Xırdalan şəhərinin kanalizasiya infrastrukturunun da yenidən qurulduğunu deyən İ.Quliyev qeyd edib ki, inşası nəzərdə tutulan 109 kilometr uzunluğundakı kanalizasiya şəbəkəsinin indiyədək 61 kilometrlik hissəsinin tikintisi yekunlaşıb, 4899 ədəd kanalizasiya ev birləşməsi verilib.
Layihə üzrə tikinti-quraşdırma işləri 2019-cu ildə başa çatacaq. Artıq şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişinin yekunlaşdığı küçələrin asfaltlanması işləri aparılır. Belə ki, bir çox prospekt və küçələrdə işlər yekunlaşıb. Hazırda şəhərin Nizami küçəsində yolun yenidən qurulması işləri aparılır.
Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı ödəmək iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.