Azərbaycan Dövlət İnformasiya Agentliyi

XIV FƏSİL
YEKUN MÜDDƏALAR

Maddə 120. Məhkəməyə müraciət hüququ

120.1. Sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı hər hansı qərarından və fəaliyyətindən məhkəməyə şikayət edilə bilər.

120.2. Bu Qanunun 120.1-ci maddəsində nəzərdə tutulmuş şikayətin verilməsi sığorta nəzarəti orqanının bu Qanunun tətbiqi ilə bağlı fəaliyyətini məhdudlaşdırmır.

Maddə 121. Vətəndaş qüsursuzluğunun müəyyən edilməsi

Bu Qanunun məqsədləri üçün müvafiq fiziki şəxsin vətəndaş qüsursuzluğu onun sığorta nəzarəti orqanına bu barədə ərizə təqdim etməsindən sonra həmin orqanın sorğusu ilə səlahiyyətli dövlət orqanının verdiyi müvafiq arayış əsasında müəyyən edilir.

Maddə 122. Əsas məlumat və göstəricilərin yayılması

122.1. Sığortaçı adında, təşkilati-hüquqi formasında, yaxud daimi fəaliyyət göstərən orqanının yerləşdiyi ünvanda dəyişiklik edildikdə həftədə bir dəfə olmaqla, 1 ay ərzində Azərbaycan Respublikasında nəşr olunan ən azı iki dövlət qəzetində elan dərc etdirməlidir. Dərc edilən ilk belə elanın surəti sığorta nəzarəti orqanına təqdim edilməlidir.

122.2. Sığortaçılar və sığorta vasitəçiləri onlara müvafiq fəaliyyətlə məşğul olmaq hüququ verən lisenziyanın notariat qaydasında təsdiqlənmiş surətini ofis binasında görünməsi və oxunması mümkün olan yerdə yerləşdirməlidir.

Maddə 123. Sənədlərin saxlanması qaydası və müddəti

123.1. Sığortaçılar və sığorta vasitəçiləri fəaliyyətləri ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sığorta statistikasını, sənədlərin uçotunu aparmalı və sənədlərin saxlanmasını təmin etməlidirlər.

123.2. Saxlanması tələb olunan sənədlərin siyahısı və onların saxlanma müddətləri arxiv idarələri ilə razılaşdırılmaqla, sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 124. Sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Hüquqi və fiziki şəxslər sığorta qanunvericiliyinin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin