CƏMİYYƏT
Xızı rayonunda aşkarlanmış mərmi zərərsizləşdirilib
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da saat 11:40-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonunun Yaşma kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 72 millimetrlik 9M36 raketi (Strela-3) aşkarlanıb. O daşınması təhlükəli olduğuna görə agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.
Raketin tapıldığı yerin ətrafında 100 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.