MƏDƏNİYYƏT
Xızıda Xalq Şairi Cabir Novruzun 80 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq gecəsi təşkil edilmişdir
Xızı, 15 mart (AZƏRTAC). Xızı rayonunun Giləzi qəsəbə klubunda rayon mədəniyyət və turizm şöbəsinin və mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə Xalq Şairi Cabir Novruzun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş bədii yaradıcılıq gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə tanınmış ziyalılar, təhsil, mədəniyyət işçiləri, musiqiçilər, şairin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirin giriş hissəsində Cabir Novruzun həyat və yaradıcılığını əks etdirən fotoslayd, videoçarx nümayiş etdirilmişdir.
Mərasimdə şairlər Vüqar Əhməd, Ağasəf Yəhyayev və digərləri çıxış edərək gözəl insan, istedadlı şair Cabir Novruz haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Bildirilmişdir ki, şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq səhifələrindən birini təşkil edir və onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək böyük şöhrət qazanmışdır. Cabir Novruzun şeirlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən bu gün də böyük rəğbət və sevinclə qarşılanır.
Şairin ailə üzvləri adından oğlu Müşfiq Novruz çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.
Tədbirdə “Xızı dağları” ansamblının ifasında musiqilər səslənmiş, Mikayıl Müşfiq adına Giləzi qəsəbə orta məktəbinin şagirdləri Cabir Novruzin poeziyasından nümunələri xüsusi həvəslə söyləmişlər.