REGİONLAR
Xocalı faciəsi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
Siyəzən, 24 fevral, Elxan Yusifli, AZƏRTAC
XX əsrin sonunda dünyanın gözü qarşısında törədilən Xocalı soyqırımı amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Siyəzən rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar keçirilən “Xocalı soyqırımını unutma!” adlı anım tədbirində məlumat verilib.
Mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş rəsm və kitab sərgisi ilə tanış olduqdan sonra dəyirmi masa ətrafında faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Faciənin tarixi, səbəbləri barədə danışan Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktoru İxtiyar İsayev bildirib ki, Xocalı soyqırımı 200 ilə yaxın müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir. XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək, yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə ən müasir silahlarla şəhərə hücuma keçərək, Xocalını yerlə-yeksan ediblər. Bu soyqırımı nəticəsində 613 dinc sakin öldürülüb.
Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və istəyi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra Milli Məclisdə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi.
Konfransda çıxış edənlər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, Azərbaycan dövləti, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti xüsusilə təqdirəlayiqdir.
Tədbirdə şagirdlər Xocalı faciəsinə həsr olunmuş bədii kompozisiya təqdim edib və şeirlər söyləyiblər. Sonda “Xocalı qətliamı” sənədli filmi nümayiş olunub.