Xocalı faciəsinin səbəb və nəticələri araşdırılıb
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun, Gənclərin Mənəvi İnkişafı və “Azərbaycan Tarixçiləri” ictimai birliklərinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Xocalı: soyqırımı tariximizin son faciəsi” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının Xocalıda azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğınlardan danışıb. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının iyirminci əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biridir. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı aktı həyata keçirib, minlərlə insanı - qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər. Y.Mahmudov vurğulayıb ki, məqsədimiz bu ağır və dəhşətli cinayəti yada salıb ruh düşkünlüyü yaratmaq deyil, bunlardan ibrət dərsi almaqdır.
Digər çıxış edənlər də Xocalı soyqırımını beynəlxalq terror aktı kimi dəyərləndiriblər. Qeyd edilib ki, bu soyqırımında beynəlxalq terrorizmi şərtləndirən bütün amillər vardır.