Xocalı soyqırımı bəşəri cinayətdir
Bakı, 25 fevral (AZƏRTAC, Nəriman Həsənov). Fevralın 25-də Azərbaycanda Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) təşkilatçılığı ilə “Xocalı soyqırımı bəşəri cinayət kimi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan TUMİB-in sədri Çingiz Bayramov Xocalı soyqırımının misli görünməyən bəşəri cinayət olduğunu vurğulamış, beynəlxalq təşkilatların və dünya dövlətlərinin hələ də faciə ilə bağlı susmasından təəssüfləndiyini bildirmişdir.
Birliyin sədri demişdir ki, buna baxmayaraq “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyada görülən işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu məsələdə çox qərarlı olduğunu sübut edir. Bu gün dövlətimizin başçısı faciənin bütün dünyada soyqırımı aktı kimi tanınması üçün aparılan işlərə böyük önəm verir.
Türkiyənin Bakıdakı səfirinin müavini Murad Yalçın təmsil etdiyi qardaş ölkənin bu dəhşətli faciənin acı nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan ilə birgə çalışdığını vurğulamışdır. Bildirmişdir ki, biz heç vaxt bu faciənin unudulmasına imkan verə bilmərik.
M.Yalçın demişdir ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycanın yanındadır və qardaş ölkənin mövqeyini tam dəstəkləyir.
“Dəyirmi masa”da çıxış edən Türkiyənin Mərmərə Universitetinin “Jurnalistika fakültəsinin məzunları birliyi”nin baş katibi Rauf Kəngərli, “Oğuz“ Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçisi Anar Turan və başqaları “Xocalıya ədalət!” kampaniyası çərçivəsində genişmiqyaslı işlərin aparıldığını və bunun nəticəsində soyqırımının artıq bir neçə ölkədə tanındığını vurğulamışlar.