Xocalı soyqırımı heç vaxt unudulmayacaqdır
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda bu elmi müəssisənin və akademiyanın Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir.
Fizika İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə institutun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədov Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğulamışdır.
İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad bildirmişdir ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmamalıdır.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri Suma Hüseynova Xocalı soyqırımı qurbanlarının xatirəsini anmağın, onu dünyaya tanıtmağın hər bir azərbaycanlının vəzifəsi olduğunu vurğulamışdır.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Şamil Vəliyev də Xocalı soyqırımı haqqında düşüncələrini bölüşmüşdür. Diqqətə çatdırmışdır ki, gələcək nəsillərə bu soyqırımı haqqında məlumat verərkən ermənilərin törətdikləri müsibətlərlə yanaşı, işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan azərbaycanlıları tanıtmaq da vacib şərtlərdəndir.
AMEA-nın Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Eşqanə Babayeva Xocalı soyqırımının dəhşətli terror hadisəsi olmasından, bu faciə haqqında internet portallarında ingilis və rus dillərində məlumatların azlığından söhbət açmışdır.
Digər çıxış edənlər də ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən bəhs etmişlər.
Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunmuşdur.