Xocalı soyqırımı ümumbəşəri faciədir
Lənkəran, 23 fevral (AZƏRTAC). Lənkəran Dövlət Universitetində (LDU) Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, LDU və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Nazim Vəliyev bildirmişdir ki, Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı kimi daxil olmuşdur.
Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və zirehli texnikasının iştirakı ilə yatan şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktını törətmişlər.
Universitetin tələbə gənclər təşkilatının sədri Ülvi Miriyev, üçüncü kurs tələbəsi Aynur Tağıyeva və başqaları çıxışlarında qeyd etmişlər ki, Xocalı soyqırımı ümumbəşəri faciədir.
Bildirilmişdir ki, LDU-nun kollektivi “Azərbaycan həqiqətlərini dünyaya çatdıraq!” hərəkatına qoşulmuşdur. Bununla əlaqədar ali təhsil ocağında keçirilmiş kütləvi aksiyada 1000-dən çox tələbə iştirak etmişdir. Bu məqsədlə universitetin veb-saytında “Azərbaycan həqiqətləri” adlı səhifə açılmışdır.
Diqqətə çatdırılmışdır ki, LDU-nun elmi kitabxanasında Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi, fakültələrdə stendlər və guşələr təşkil edilmiş, Xocalı soyqırımı ilə əlaqədar yazı müsabiqəsi keçirilmişdir.
Tədbirin sonunda “Xoca” bədii filmi nümayiş etdirilmişdir.