Xocalı uşaqların gözü ilə
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də LN incəsənət mərkəzində Dövlət Rəsm Qalereyasının və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların əsərlərinin sərgisi açılmışdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Uşaq-Gənclər Yaradıcılıq Sarayının müəllimləri iştirak etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda, vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq son anadək öz yurd-yuvalarını tərk etməmiş, bu qanlı aksiya zamanı yüzlərlə insan şəhid olmuşdur. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaqdır. Bugünkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar heç dünyaya gəlməmişdilər. Onların əksəriyyəti isə bu gün aşağı sinif şagirdləridir, hələ məktəbdə tarix dərsi də keçməmişlər. Amma onlar sərgiyə bu cür dəyərli rəsmlər təqdim etmişlər. Şübhəsiz, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları məlumatlar əsasında yaranmışdır.
Qeyd olunmuşdur ki, Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəkliyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Bu işdə incəsənət sahəsində çalışanların da üzərinə məsuliyyət düşür. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. İnanırıq ki, bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar.
Elnur Hüseynov sərgidə iştiraklarına görə, Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq sarayının rəsm dərnəyinin üzvlərinə təşəkkürünü bildirmişdir. Qeyd etmişdir ki, sərgidə LN incəsənət mərkəzinin və yaradıcılıq sarayı şagirdlərinin 40-dan artıq rəsmi nümayiş olunur.
Mədəniyyət və Turizm Nazirliyinin dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun məsləhətçisi Sənan Əhmədov Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına hopmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğulamışdır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olmuşlar.
Sərgi 3 gün davam edəcəkdir.