Xocalısız 24 il
Bakı, 23 fevral, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İçərişəhər Tarixi Muzeyi, elmi-mədəni mərkəz və Şirvanşahlar Sarayı kompleksinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin növbəti ildönümünə həsr edilmiş “Xocalısız 24 il” adlı tədbir keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən natiqlər Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu vurğulayıblar. Bildirilib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.
Tədbirdə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən uşaq qalereyasının “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi, “Xocalısız 24 il” adlı fotosərgi və faciəyə həsr edilmiş sənədli film nümayiş olunub.
Tədbirin bədii hissəsində Bakı şəhəri 6 nömrəli məktəb-liseyin və 203 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı faciəsini əks etdirən kompozisiyalar göstərilib.