REGİONLAR
Xocavənd məktəblisi: “Şimal bölgəsindən xeyli yeni bilgilər və xoş təəssüratlarla qayıdırıq”
Xaçmaz, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Mən səyahət etməyi, həmyaşıdlarımla əylənməyi çox sevirəm. Şimal bölgəsinə ekskursiyamız zamanı həm marşrutumuzda qeyd olunan Quba, Qusar, Xaçmaz, həm də yolumuzun üzərindəki bir sıra şəhər və rayonlarla tanış olmaq imkanı qazandıq. Hər yerdə çoxlu fotoşəkillər çəkmişik. Bu ekskursiyadan xoş təəssüratlar və xeyli yeni bilgilərlə qayıdırıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” devizi ilə təşkil edilən maarifləndirici tur-aksiyanın iştirakçısı, Xocavənd rayon Tuğ kənd tam orta məktəbin IX sinif şagirdi Rəfiqə Şükürlü deyib. Məktəbli şimal regionunun təbiətinin, turizm obyektlərinin onu valeh etdiyini bildirib.
Digər məktəbli Əmrah Abdullayev isə “Şahdağ” Turizm Mərkəzinin Azərbaycanda çox geniş turizm imkanlarının mövcudluğuna bariz nümunə olduğunu vurğulayıb. O deyib: “İstirahət mərkəzinə səfərimiz zamanı biz orada xeyli turist gördük. Onların arasında əcnəbilər də var idi. Bu, çox sevindirici haldır. Ölkəmizdə yaradılan bu cür böyük infrastruktur layihələri ilə tanışlıq biz məktəbliləri gələcəyə inamla baxmağa, daha çox çalışıb Vətənə layiqli övlad olmağa həvəsləndirir. Bütün yaşıdlarıma bu tur-aksiyalarda iştirak etməyi arzulayıram”.