SİYASƏT
Xocavənd Rayon İcra Hakimiyyətinin internet saytının təqdimatı olmuşdur
Beyləqan, 5 avqust (AZƏRTAC). Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsinin mədəniyyət evində Xocavənd Rayon İcra Hakimiyyətinin rəsmi internet saytının (www.xocavend-ih.gov.az) təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyətinin, ziyalıların və gənc nəslin nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov internet saytının istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik etmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən, normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərin yaradılmasının zəruri və günün tələbi olduğunu bildirən E.Hüseynov yeni saytın fəaliyyətə başlamasını yüksək qiymətləndirmişdir.
Rayon icra hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Şaiq Aslanov yeni sayt haqqında məlumat vermişdir. Bildirmişdir ki, www.xocavend-ih.gov.az saytı “Ana səhifə”, “Qanunvericilik”, “İcra hakimiyyəti”, “Fəaliyyət istiqaməti”, “İnstansiyalar”, “Müraciətlər”, “Rayon haqqında”, “Ümummilli lider”, “Prezidentin səfərləri”, “Sosial-iqtisadi inkişaf”, “Nəşrlər”, “Abidələr”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir. İnternet səhifədə, həmçinin Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin saytlarına keçid vardır. Saytda Qaradağlı faciəsi, Xocalı və 31 Mart soyqırımları, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumatlar verilmişdir.
######