REGİONLAR
Xocavənddə Üçtəpə adlı ərazidə xeyli sayda silah-sursat aşkarlanıb
Xocavənd, 11 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər yerinə yetirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 “Muxa”, 1 “İqla”, 1 minaatan qurğusu, 80 qumbaraatan mərmisi, 93 sandıq, müxtəlif çaplı 13200 patron, tank və piyada əleyhinə 105 mina və 6 digər partlayıcı vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.