Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Xaçmaz rayonunun Xudat şəhərində də son illər bir sıra tədbirlər həyata keçirilmiş, infrastruktur layihələri yerinə yetirilmiş, müasir tələblərə cavab verən 840 şagird yerlik yeni məktəb binası tikilmiş, dəmir yolu xətti üzərində avtomobil körpüsü yenidən qurulmuş, yeni parklar salınmış, abadlıq-quruculuq işləri görülmüşdür.

Xudat şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xudat şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 500,0 (beş yüz) min manat ayrılsın.

 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 aprel 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin