MƏDƏNİYYƏT
Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə tədbir təşkil edilib
Bakı, 15 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mərkəzi Kitabxananın əməkdaşı Təranə Məmmədova Xan qızı Natəvanın həyat və yaradıcılığı haqqında məlumat təqdim edib.
Daha sonra çıxış edən 2 nömrəli filialın müdiri Turanə Əmirova və digərləri Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olan Xurşidbanu Natəvanın ədəbi fəaliyyəti haqqında danışıb.
Tədbirdə kitabxananın fəal oxucuları şairənin şeirlərini səsləndiriblər və Xan qızı Natəvanın məşhur fransız yazıçısı Aleksandr Düma ilə görüşünə həsr edilmiş videoçarx nümayiş olunub.
Sonda çıxış edən Baş İdarənin Mədəniyyət siyasəti sektorunun baş məsləhətçisi Şücaət Piriyeva tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.