ELM VƏ TƏHSİL
Xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə elmi-metodiki seminar keçirilmişdir
Bakı, 17 noyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən musiqi sənəti istiqamətli ixtisaslar üzrə elmi-metodiki seminar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ali təhsil müəssisələrinin musiqi sənəti istiqamətli xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri haqqında müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdə qabiliyyət imtahanları üzrə sektorun əməkdaşları, bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU), Azərbaycan Milli Konservatoriyasının (AMK) professor-müəllim heyətləri iştirak etmişlər.
Seminarda ADMİU-nun və AMK-nın xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə 2012/2013-cü tədris ilində qəbul edilmiş qabiliyyət imtahanlarının proqramlarının, qiymətləndirmə meyarlarının, metodiki tövsiyələrin təkmilləşdirilməsi istiqamətində onlara bəzi əlavələr və düzəlişlər edilmiş, proqramlar qəbul edilmişdir.
Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə qabiliyyət imtahanlarının qəbul edilmiş proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Musiqi sənəti” adlı tədris metodiki vəsaitdə nəşr ediləcəkdir.