ELM VƏ TƏHSİL
Xüsusi təhsil müəssisələrində vakansiyalar üçün müraciətlərin qəbulu bu gün başa çatır
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də xüsusi təhsil müəssisələrinə defektoloq və tərbiyəçi vəzifələri üzrə işə qəbul üçün vakansiya seçimi başa çatacaq. Vakansiya seçimi bu gün saat 18:00-dək davam edəcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimində iştirak etmək üçün Təhsil Nazirliyinin saytında yerləşdirilmiş linkə daxil olmaq lazımdır.
Seçim zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı və müraciət etdiyi vakansiya üzrə faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük veriləcək. Namizədlər müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Növbəti mərhələdə seçilən namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və onların müvafiq sahə üzrə bilik və bacarıqları yoxlanılacaq.