XV FƏSİL
KEÇİD MÜDDƏALAR
Maddə 125. İcbari sığortalarda işlərin aparılması xərcləri
İcbari sığorta qanunlarında başqa hal nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir.
Maddə 126. Korporativ idarəetmə ilə bağlı müddəalar
126.1. Bu Qanunun 7.6-cı və 25-ci maddələrinin tələbləri bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 ildən gec olmayaraq bütün sığortaçılar tərəfindən təmin edilməlidir.
126.2. Bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 3 ay müddətində bütün sığortaçılar bu Qanunun 126.1-ci maddəsinin tələblərinin yerinə yetirilməsi ilə bağlı tədbirlər planını razılaşdırmaq üçün sığorta nəzarəti orqanına təqdim etməlidir.
Maddə 127. Sığortaçıların və sığorta vasitəçilərinin adı ilə bağlı tələblər
127.1. Bu Qanunun 9.1-ci, 9.2-ci, 90.1-ci və 90.2-ci maddələrinin tələbləri müvafiq olaraq bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl lisenziya almış sığortaçılara və hüquqi şəxs olan sığorta brokerlərinə şamil edilmir.
127.2. Bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl sığorta və ya sığorta vasitəçiliyi fəaliyyəti üzrə lisenziyası ləğv olunmuş, yaxud lisenziya verilməsindən imtina edilmiş, adında müvafiq olaraq “sığorta”, “təkrarsığorta” və “sığorta brokeri” sözü olan hüquqi şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən 3 ay müddətində bu Qanunun 4.1-ci maddəsinin tələbini təmin etməli və ya könüllü qaydada ləğv edilməlidirlər.
127.3. Hüquqi şəxslər Bu Qanunun 127.2-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət etmədikdə sığorta nəzarəti orqanı onların məcburi qaydada ləğv olunmaları barədə məhkəmədə iddia qaldırmalıdır.
Maddə 128. Həyat və qeyri-həyat sığortası üzrə fəaliyyətin ayrılmasına dair tələblər
128.1. Bu Qanunun 14.1-ci maddəsinin tələbi bu Qanunun qüvvəyə mindiyi tarixədək sığorta fəaliyyətinə lisenziya almış, habelə həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərməyə icazəsi olan sığortaçılara bu Qanun qüvvəyə mindiyi tarixdən 3 il müddətində şamil edilmir.
128.2. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçılar bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 aydan gec olmayaraq öz fəaliyyətlərində aşağıdakıları təmin etməlidirlər:
128.2.1. tələb olunan kapitalla bağlı bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələbləri həyat və qeyri-həyat sığortası sahələrinin hər biri üzrə ayrı-ayrılıqda yerinə yetirməlidir;
128.2.2. həyat sığortası müqavilələri üzrə işlərin aparılması xərclərinin, investisiya gəlirlərinin və sair iqtisadi göstəricilərin, sığorta tələblərinin, iddiaların, sığorta hadisələri üzrə zərərlərin və öhdəliklərin uçotu ümumi sığorta sahəsindəki müqavilələr üzrə müvafiq göstəricilərin uçotundan ayrı aparılmalıdır;
128.2.3. həyat sığortası üzrə sığorta ehtiyatlarının vəsaitləri ümumi sığorta sahəsi üzrə sığorta ehtiyatları vəsaitlərindən ayrılıqda uçota alınmalı, investisiya edilməli və saxlanmalıdır;
128.2.4. sığorta növlərində həyat və qeyri-həyat sığortasına aid olan sığorta sinifləri birləşdirilə bilməz.
128.3. Bu Qanunun 128.1-ci maddəsinə uyğun olaraq həm həyat, həm də qeyri-həyat sığortası sahələri üzrə fəaliyyət göstərən sığortaçının ümumi sığorta sahəsi ilə bağlı sığorta ödənişləri üzrə öhdəlikləri yarandıqda, həyat sığortası sahəsinə aid sığorta ehtiyatlarının üzərinə həbs qoyula, onlara məcburi müsadirənin tələbləri və digər üsulları tətbiq oluna bilməz.
Maddə 129. Könüllü sığorta qaydalarının sığorta qanunvericiliyinə
uyğunlaşdırılması
Sığortaçılar könüllü sığorta növləri üzrə müvafiq sığorta qaydalarını bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətində sığorta qanunvericiliyinin tələblərinə uyğunlaşdırmalı və sığorta nəzarəti orqanı ilə razılaşdırmalıdırlar.
Maddə 130. Müddətsiz lisenziyaların verilməsi
Bu Qanunun qüvvəyə mindiyi tarixədək sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziya almış sığortaçıların bu Qanun qüvvəyə mindiyi tarixdən sonra müvafiq müddətin bitməsi ilə əlaqədar sığorta nəzarəti orqanına edəcəkləri müraciətlərə bu Qanunla müddətsiz lisenziyanın verilməsi ilə bağlı müəyyən edilmiş tələblər və prosedurlar şamil olunur.
Maddə 131. İnvestisiyalara dair tələblər
Bu Qanunun qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətində bütün sığortaçılar bu Qanunun VI Fəslinin müddəalarına zidd olan bütün halların aradan qaldırılmasını təmin etməlidirlər.
Maddə 132. Əlaqəli şəxslərə dair tələblər
Bu Qanunun VII Fəslinin müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixədək bağlanmış əqdlərə dəyişiklik edilmədiyi və müddətinin uzadılmadığı hallarda həmin əqdlərə şamil edilmir.
Maddə 133. Sığorta agentlərinə dair tələblər
133.1. Bu Qanunun sığorta agentlərinin lisenziya alması və bununla bağlı digər müddəaları bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il sonra tətbiq edilir.
133.2. Bu Qanunun 133.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, fəaliyyət göstərən, lakin bu Qanunun XI Fəslinin tələblərinə uyğun olmayan sığorta agentləri sığorta agenti fəaliyyətini dayandırmalıdır. Onlar sığorta agenti fəaliyyətini davam etdirmək üçün bu Qanunun tələblərinə uyğun qaydada lisenziya almalıdırlar.
133.3. Bu Qanunun qüvvəyə mindiyi tarixdən 1 il ərzində sığorta nəzarəti orqanı sığorta agentlərinin qeydiyyatını bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada aparmalıdır.
Maddə 134. Rəhbər işçilərə dair tələblərin tətbiqi
Bu Qanunla rəhbər işçilərə dair müəyyən edilmiş tələblər Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl müvafiq rəhbər vəzifəyə təyin edilmiş şəxslərə şamil edilmir.
Maddə 135. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2007-ci il.