İQTİSADİYYAT
XVIII Beynəlxalq Xəzər neft-qaz konfransı başa çatmışdır
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 9-da XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günü ilk sessiyada çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirmişdir ki, Heydər Əliyevin uzaqgörən siyasəti, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə həyata keçirilən neft strategiyası Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizin neft-qaz sənayesi yenidən dirçəlmiş və ARDNŞ lazımi iqtisadi və texniki imkanlara malik, dünya standartlarına uyğun istər ölkə daxilində, istərsə də xaricdə böyük sərmayə qoyuluşu tələb edən layihələri yerinə yetirə bilən şirkətə çevrilmişdir.
Respublikamızın neft-qaz sənayesinin uğurlu inkişafının əsas göstəricisi karbohidrogen hasilatının daim yüksəlməsidir. 2010-cu ildə Azərbaycanda 50,7 milyon ton neft, 26 milyard kubmetr qaz hasil olunmuşdur. Bu baxımdan neft hasilatı 1997-ci ildə hasil edilmiş 9 milyon ton neftlə müqayisədə 5,6 dəfə, qaz hasilatı 2004-cü ildə hasil edilmiş 5 milyard kubmetr qazla müqayisədə 5,2 dəfə artmışdır. Karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsi hesabına əldə edilir.
ARDNŞ-in fəaliyyəti barədə məlumat verən X.Yusifzadə
qeyd etmişdir ki, yeraltı qaz anbarlarının yenidən qurulmasının birinci mərhələsi başa çatdırılmış, həyata keçirilən kompleks proqram hesabına, o cümlədən Qaradağ yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verilmiş, Qalmaz yeraltı qaz anbarında mövcud kompressor stansiyasında yenidənqurma və təmir-bərpa işləri aparılmışdır. Bununla yanaşı, quyu fondu bərpa edilmiş, əlavə quyular qazılmış, hər iki qaz anbarı üzrə aktiv qaz həcmləri ilk dəfə 2010-cu ilin qazvurma mövsümündə 3,1 milyard kubmetrə çatdırılmışdır.
Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrindən və perspektiv planlardan danışan X.Yusifzadə bildirmişdir ki, ARDNŞ 2010-2011-ci illərdə yeni texnika və texnologiya sahəsində elmi-təcrübi işlərə də xüsusi diqqət yetirmişdir. Məhz nanotexnologiyanın neft sənayesində tətbiqi sahəsində əldə edilmiş uğurlara görə ARDNŞ-in bir qrup mütəxəssisi 2010-cu ildə YUNESKO-nun ali mükafatına layiq görülmüşdür.
Sonra “bp-Azərbaycan” şirkətinin geoloji kəşfiyyat üzrə vitse-prezidenti Qriqori Rayli, “Caspian Geophysical” şirkətinin baş direktoru Treysi Kempbel, “RWE Dea AG” şirkətinin qazma işləri üzrə meneceri Herbert Şeybanbauer, “Statoil” şirkətinin “Şahdəniz” layihəsinin rəhbəri Əli Hüseynov, “Total Kəşfiyyat və Hasilat Abşeron” şirkətinin qazma bölməsinin rəhbəri Tomas Qauterot Xəzər dənizinin potensialının texnologiya və davamlı əlaqələr vasitəsilə açılması, Xəzərdə 3D seysmik tədqiqatlar və s. mövzularda məruzələr etmişlər.
Konfrans işini bölmə iclasları ilə davam etdirmişdir. Bölmə iclaslarında Azərbaycanın ixrac yollarının şaxələndirilməsi, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının xarici bazarlara etibarlı nəqlinin təminatı, Transadriatik boru kəməri, “Cənub dəhlizi”, yüksək texnologiyalı məhsul istehsalında təhlükəsiz və səmərəli üsullar, ətraf mühitin qorunması və s. mövzularda məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Bununla da XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası konfransı işini yekunlaşdırmışdır.