İDMAN
XXVII Spartakiadanın qalibləri mükafatlandırılıb
Bakı, 26 sentyabr, AZƏRTAC
“Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi işçilərinin XXVII Spartakiadasına yekun vurulub. Otuz üç müəssisədən 1400-dən artıq iştirakçının 14 idman növü üzrə mübarizə apardığı turnirdə Heydər Əliyev adına Neft Emalı Zavodunun kollektivi ümumi komanda hesabında qalib olub. Neft Kəmərləri İdarəsi ikinci, “Neft Daşları” Neftqazçıxarma İdarəsinin komandası isə üçüncü yeri tutub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, sentyabrın 26-da “Neftçi İdman Klubu”nun inzibati binasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Əvvəlcə klubun idman qurğuları ilə iş üzrə meneceri Zamir Mütəlibov çıxış edərək Spartakiada haqda qısa məlumat verib. O, açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayıb. Bu mötəbər tədbirin neft, qaz, kimya sənayesinin müəssisələri və onların işçiləri arasında mehribançılıq, kollektivçilik, səmimiyyət yaratdığına əminliyini ifadə edən natiq, nümayəndələrə növbəti spartakiadalara daha ciddi yanaşmağı və yaxşı hazırlaşmağı tövsiyə edib.
Sonra “Neftçi İdman Klubu”nun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək tədbir iştirakçılarına qurumun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salam və təbriklərini çatdırıb. O, “Neftçi İdman Klubu” tərəfindən Azərbaycan neft, qaz və kimya sənayesinin işçiləri arasında keçirilən Spartakiadanın artıq ənənəyə çevrildiyini və bu möhtəşəm tədbirin onun iştirakçıları arasında dostluq münasibətlərinin yaranmasına, mövcud əlaqələrin isə daha da möhkəmlənməsinə zəmin yaratdığını söylədi. Spartakiadanın ildən-ilə təkmilləşməsindən və növbəti illərdə daha da yaxşı təşkil olunacağından bəhs edən klub rəsmisi neft, qaz və kimya sənayesi işçilərinin yığma komandasının Respublika Spartakiadasındakı uğurlu çıxışından da söhbət açıb. O, “Neft Daşları”nın qarşıdan gələn 70 illik yubileyi münasibətilə qurumun tədbirdə təmsil olunan nümayəndələrini klubumuzun rəhbərliyi və kollektivi adından təbrik etdi. Baş menecer çıxışının sonunda bütün iştirakçılara yarışlarda göstərdikləri fəallığa görə dərin minnətdarlığını bildirdi və qalibləri təbrik edib.
Daha sonra klubun kütləvi bədən tərbiyəsi və idman şöbəsinin rəisi Akif Məmmədov XXVII Spartakiadanın gedişatından geniş söhbət açıb. Turnirin çox gözəl və ədalətli keçməsini qeyd edən natiq tədbir boyu müəyyən kiçik nöqsanlar olsa da, onların tez bir zamanda aradan qaldırılmasına çalışdıqlarını və əksər hallarda buna nail olduqlarını məmnunluqla ifadə etdi. O, yarışların ümumilikdə yüksək səviyyədə keçməsində iştirakçıların da böyük pay sahibi olduqlarını qeyd etdi və bu cür aktivliklərinə, göstərdikləri köməyə görə bütün iştirakçılara minnətdarlığını çatdırdı, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra qaliblər mükafatlandırılıb.
Tədbirin sonunda çıxış edən neft, qaz və kimya sənayesi müəssisələrinin nümayəndələri Spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə “Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildiriblər.