İQTİSADİYYAT
Yağan qar avtomobil yollarında heç bir problem yaratmayıb
Bakı, 8 yanvar, Ceyhun Rüstəmov, AZƏRTAC
Yağan qar avtomobil yollarında heç bir problem yaratmayıb.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, paytaxt ərazisində vəziyyət normaldır. “Əsasən regionlarda - Bakı-Şamaxı-Yevlax, Muğanlı-İsmayıllı, Gəncə-Daşkəsən-Xoşbulaq, Şəmkir-Gədəbəy, İsmayıllı-Oğuz-Qəbələ-Şəki, Masallı-Yardımlı, Lənkəran-Lerik istiqamətlərində, eləcə də Quba və Qusarın yollarında avtoqreyderlər vasitəsilə təmizlik işləri aparılıb, ehtiyac olan yerlərə qum-duz qarışığı səpilib və avtomobillərin hərəkəti təmin olunub”, - deyə P.Mürsəliyev diqqətə çatdırıb.
Qeyd edək ki, “Azəryolservis” ASC qarlı-şaxtalı havalarda yollara səpilməsi üçün 25 min kubmetrdən çox qum, 1700 ton texniki duz ehtiyatı yaradıb. Həmçinin 1050 ədəd maşın-mexanizm və nəqliyyat vasitəsi hazır vəziyyətə gətirilib. Hava şəraitindən asılı olaraq, zərurət yaranarsa, texniki duz, qum ehtiyatı, maşın-mexanizmlər və nəqliyyat vasitələrinin sayı da artırılacaq.