REGİONLAR
Yağan qar İsmayıllıda ciddi problem yaratmayıb
İsmayıllı, 12 mart, AZƏRTAC
Ötən gecədən başlayaraq İsmayıllıya yağan qar elə bir ciddi problem yaratmayıb.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, günortaya yaxın qarın qalınlığı İsmayıllı şəhərində 5-10 santimetr, ucqar kənd və qəsəbələrdə isə 15 santimetr təşkil edib.
Qar rayonda su, qaz, rabitə və elektrik sahəsinə elə də ciddi problem yaratmayıb.
“9 saylı Yol İstismarı” MMC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə qarın ən çox yağdığı və buzlaşmanın ola biləcəyi ərazilərdə vəziyyətə nəzarət edib. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi istiqamətində tədbirlər görülür.
Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə gecə və səhər saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 kilometrlik, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-46 kilometrlik hissələrinə qum-duz qarışığı səpilib. Hazırda rayon ərazisində qar yağmaqda davam edir.