SİYASƏT
Yaltada MDB-də səhiyyə sahəsində əməkdaşlıq Şurasının iclası keçiriləcəkdir
Bakı, 19 noyabr (AZƏRTAC). MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 23-də Yaltada MDB-nin səhiyyə sahəsində əməkdaşlıq Şurasının 21-ci iclası keçiriləcəkdir.
İclasın gündəliyinə 15 məsələ daxil edilmişdir. Şuranın üzvləri əmək miqrantlarının və onların ailə üzvlərinin tibbi sığortası, dərman və tibb texnikası istehsalı və satışı, xərçəng xəstəlikləri ilə mübarizə sahəsində fəaliyyətin əlaqələndirilməsi konsepsiyası məsələlərini müzakirə edəcəklər. İclas iştirakçıları ərazilərin sanitariya mühafizəsi, Birlik ölkələri vətəndaşlarına tibbi yardım göstərilməsi, İÇV probleminin həlli sahəsində sazişlərə düzəlişləri nəzərdən keçirəcəklər.
Bundan əlavə, MDB-də razılaşdırılmış sosial və demoqrafik siyasət konsepsiyasına, Çernobıl AES-də və digər qəzalı obyektlərdə çalışmış insanların reabilitasiyasına dair müzakirələr aparılacaqdır.
Xatırladaq ki, səhiyyə sahəsində əməkdaşlıq Şurası Birlik çərçivəsində sahə əməkdaşlığının ən qocaman orqanlarından biridir. O, 1992-ci ildə yaradılan şuranın tərkibinə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukraynanın baş sanitar həkimləri daxildir. Azərbaycan və Moldova da şuranın işində fəal iştirak edir.
Şuranın iclaslarında 230-dan çox sənəd nəzərdən keçirilmiş və tövsiyə olunmuşdur. Şura Dünya Səhiyyə Təşkilatı, BMT-nin İÇV-QİÇS üzrə birləşmiş proqramı, Ümumdünya Səhiyyə Assambleyası, YUNİSEF və digər təşkilatlarla əlaqə saxlayır.