SİYASƏT
YALTADA MDB ÖLKƏLƏRİNİN HÖKUMƏT BAŞÇILARI ŞURASININ İCLASI BAŞA ÇATMIŞDIR
Yalta, 21 noyabr (AZƏRTAC). Bu gün Yaltada (Ukrayna) Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Hökumət Başçıları Şurasının növbəti iclası olmuşdur.
Forumun işində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi Azərbaycan rəsmi nümayəndə heyəti də iştirak etmişdir.
İclasda dünya maliyyə böhranının mənfi nəticələrinin aradan qaldırılmasına dair birgə tədbirlər planının Birlik liderlərinin bu il oktyabrın 9-da Kişinyovda keçirilmiş sammitdə irəli sürdüyü təkliflər nəzərə alınmaqla tamamlanmış variantı təqdim edilmişdir.
Bundan əlavə, forum iştirakçıları Birlik üzvü olan dövlətlərin iqtisadi və humanitar sahələrdə, energetika məsələləri, miqrasiya siyasəti, təhlükəsizliyin təmin edilməsi, innovasiya və digər sahələrdə əməkdaşlığının fəallaşdırılması və dərinləşdirilməsi ilə əlaqədar 20-dən çox sənəd layihəsini müzakirə etmişlər.
İclasda MDB ölkələrinin energetika sahəsində əməkdaşlığı konsepsiyası təsdiq edilmiş, müvafiq qərar imzalanmış və onun həyata keçirilməsinə dair birinci dərəcəli tədbirlər planı müzakirə edilmişdir.
Forumda iqtisadiyyat, energetika, səhiyyə, təhsil və elmi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı fəaliyyət məsələlərinə baxılmış, bəzi büdcə-maliyyə problemləri müzakirə edilmişdir.
Birlik üzvü olan ölkələrin milli elektrik enerji sistemlərinın, dövlətlərarası elektrik ötürmə xətlərinin istismarı sahəsində əməkdaşlıq haqqında, Birlik dövlətlərinin ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin razılaşdırılmış inkişafı haqqında sazişlər imzalanmışdır.
İnnovasiya və elmi-texniki sahələrdə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə də baxılmışdır. MDB iştirakçısı olan dövlətlərin innovasiya sahəsində uzunmüddətli əməkdaşlığının əsas istiqamətləri haqqında, elmi-texniki və innovasiya sahələrində MDB-nin sahəvi əməkdaşlıq orqanının yaradılması haqqında qərarlar, MDB ölkələrinin müştərək elmi-texnoloji məkanının yaradılması barədə 1995-ci il 3 noyabr tarixli Sazişə dəyişikliklər edilməsi haqqında Protokol imzalanmışdır.
Bundan əlavə, iclasda malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları haqqında məsələyə baxılmışdır. Müzakirələrin yekunlarına əsasən MDB-də malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Saziş və müvafiq Qərar imzalanmışdır.
Bununla bərabər, dövlətlərarası informasiya mübadiləsinin təşkili, müəllif hüququ və oxşar hüquqlar barədə milli məlumat bazalarının formalaşması sahəsində əməkdaşlıq haqqında Saziş, habelə MDB üzvü olan ölkələrin İCV/QİÇS-ə qarşı mübarizə sahəsində Birgə Fəaliyyət Proqramı qəbul edilmişdir.
Hökumət başçıları və nümayəndə heyətləri maliyyə təhqiqatları və miqrasiya siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərini bütövlükdə müzakirə etmişlər. MDB üzvü olan ölkələrin dövlət hava gəmiləri ilə bağlı aviasiya qəzalarının təhqiqatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.
Bundan əlavə, 2010-cu ildə müharibə veteranlarının, lokal münaqişələrin, sülhməramlı əməliyyatların iştirakçılarının və MDB dövlətlərində terrorizm qurbanlarının həyat keyfiyyətinin yaxşılaşdırılması və əmək qabiliyyətinin itirilməsinin profilaktikası Konsepsiyasının həyata keçirilməsinə dair tədbirlər planının maliyyələşdirilməsi, 2010-cu ildə MDB-nin birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılmasına və inkişaf etdirilməsinə maliyyə vəsaiti ayrılması haqqında qərarlar imzalanmışdır.
MDB Hökumət Başçıları Şurasının növbəti iclası 2010-cu il mayın 21-də Moskvada keçiriləcəkdir.
İclasın yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Yalta