MƏDƏNİYYƏT
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yel çərşənbəsi qeyd edilmişdir
Bakı, 12 mart (AZƏRTAC). Martın 12-si ilaxır çərşənbələrdən üçüncüsü - yel çərşənbəsidir.
Azərbaycan xalqının mədəni irsinin, folklorunun, adət-ənənələrinin qorunması və təbliğində Novruz bayramının böyük əhəmiyyətini nəzərə alaraq artıq 5 ildir ki, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təntənəli bayram şənlikləri keçirilir.
AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq, martın 12-də “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yel çərşənbəsi qeyd edilmişdir.
Xalq arasında bu çərşənbəyə yel çərşənbəsi, yelli çərşənbə, küləkli çərşənbə, hava çərşənbəsi, külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Tədqiqatlara görə, gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir.
Tədbir çərçivəsində “Yurduma bahar gəlir” adlı musiqili meydan tamaşası nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycanın musiqi kollektivlərinin, incəsənət ustalarının və Novruzun əsas atributlarından sayılan Keçəl, Kosa və Bahar qızının ifasında musiqili-ədəbi kompozisiya və səhnəciklər təqdim edilmişdir.
Tədbir tamaşaçılarda böyük maraq doğurmuşdur.