YANĞIN ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 23-də saat 10:00 radələrində Ucar şəhərinin Oğuz küçəsində Kərimova Həqiqət Qulam qızına məxsus evdə məişət qaz balonu ilə ehtiyatsız davranma yanğınla nəticələnən partlayışa səbəb olmuşdur. Ümumi sahəsi 336 kvadratmetr olan 2 mərtəbəli ev əşyaları ilə birlikdə yararsız vəziyyətə düşmüşdür. Yanğın saat 12:00 radələrində yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Qonşu evlər yanğından mühafizə olunmuşdur, xəsarət alan olmamışdır.
Həmin gün saat 12:10-da Gəncə şəhərinin, Nizami rayonunun A.Puşkin küçəsində yaşayan 1963-cü il təvəllüdlü Əsgərova Rahibə Talış qızına məxsus evdə qaz sayğacı quraşdırılarkən yanğınla nəticələnən partlayış baş vermişdir. Hadisə zamanı 1986-cı il təvəllüdlü İbrahimov Ramin Ziyafət oğlu əllərindən və sifət nahiyəsindən birinci və ikinci dərəcəli yanıq xəsarəti alaraq Nizami rayon 3 nömrəli təcili tibbi yardım xəstəxanasına yerləşdirilmişdir.
Yanvarın 24-də saat 03:38 radələrində Bakı şəhərinin Sabunçu qəsəbəsinin H.Sultanov küçəsində baş vermiş yanğın nəticəsində 1961-cı il təvəllüdlü Cəbiyev Oqtay Bəhər oğluna məxsus 3 otaqlı evin 1 otağı və dəhlizi yanmışdır. Yanğın kəşfiyyatı zamanı ev sahibinin anası, 1933-cü il təvəllüdlü Cəbiyeva Sürmə Məlik qızının meyiti aşkar olunmuşdur. Yanğın saat 04:16 radələrində yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Hadisə ilə əlaqədar rayon prokurorluğu təhqiqat aparır, yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.