DÜNYA
Yanğının qarşısını almaqdan ötrü 800 mindən çox kaliforniyalı işıqsız qalacaq
Vaşinqton, 9 oktyabr, AZƏRTAC
Kaliforniyanın bir çox rayonlarında həftənin ikinci yarısında gözlənilən quru və güclü küləklə bağlı “Pacific Gas and Electric” (PG & E) şirkəti potensial yanğın üçün yaranmış riskin aşağı salınması üzrə səylər çərçivəsində 800 min evin elektrik təminatını dayandırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, şirkətin elektrik enerjisinin planlaşdırılmış şəkildə dayandırılması qərarı ştatın tarixində ən məhvedici yanğın olan, Byutt dairəsində 86 nəfərin ölümü və təxminən 20 min tikilinin dağılması ilə nəticələnən “Kemp yanğını”ndan bir il sonra qəbul edilib.
Meteoroloqların “Diablo küləkləri” (şiddətli küləklər) adlandırdıqları güclü küləklər şimal-şərqdən saatda 30-50 kilometr, arabir saatda 90 kilometr sürətlə əsəcək.
Milli Meteoroloji Xidmətin məlumatına görə, “Diablo küləkləri” Cənubi Kaliforniyadakı “Santa-Ana küləklərinə” bənzəyir, Nevada ştatı üzərində daha yüksək təzyiq və Kaliforniyanın mərkəzi sahilboyu üzərində daha aşağı təzyiq səbəbindən əmələ gəlir. Meteoroloqların proqnozuna görə bu küləklərin son iki il ərzində ən güclü ola biləcəyi qeyd olunur.
“PG & E” şirkəti elektrik enerjisi təchizatının çərşənbə günü səhər dayandırılacağı və ehtimal ki, cümə günü bərpa olunacağı barədə öz müştərilərini xəbərdar edib. Nəzəri hesablamalar göstərir ki, bu, son iki il ərzində ən güclü külək ola bilər. Elektrik enerjisinin verilməsində fasilə 34 dairənin sakinlərinə öz təsirini göstərəcək.
San-Fransisko şəhərinin regional dəmir yolları sisteminin rəhbəri bəyan edib ki, sərnişin xidmətində dayanmalar gözlənilmir. O əlavə edib ki, son bir neçə ay ərzində enerjinin planlaşdırılmış şəkildə dayandırılmasına hazırlıq məqsədilə rəhbərlik “PG & E” şirkəti ilə əməkdaşlıq edir. Hakimiyyət orqanları dairə sakinlərinə azı bir həftəlik su və qida ehtiyatı tutmağı və elektrik qurğularının işləməsini təmin etmək üçün lazımi sayda batareyalar almağı tövsiyə edir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton