İQTİSADİYYAT
Yanvar ayında Azərbaycandan Gürcüstana 14,2 min ton neft məhsulları ixrac olunub
Tbilisi, 13 fevral, AZƏRTAC
Cari ilin yanvar ayında Gürcüstana xaricdən gətirilən neft məhsullarının həcmində azalma müşahidə olunub.
Gürcüstanın Neft Məhsulları İdxalatçıları Birliyinin (SİNQ) məlumatına görə, yanvar ayında ölkəyə 65,3 min ton neft məhsulları gətirilib. Bu, 2014-cü ilin dekabr ayı ilə müqayisədə 41,6 min ton azdır.
SİNQ-in məlumatına görə, yanvar ayında ölkəyə 31,7 min ton benzin, 33,6 min ton dizel yanacağı gətirilib.
Hesabat dövründə Gürcüstana ən çox neft məhsulları Rumıniyadan gətirilib - 24,4 min ton. Bu da ümumi idxalatın 37,4 faizini təşkil edib. Gürcüstanın neft məhsulları idxal etdiyi ölkələr içərisində Azərbaycan ikinci yerdədir. Yanvar ayında Azərbaycandan bu ölkəyə 14,2 min ton neft məhsulları gətirilib ki, bu da ümumi idxalın 21,7 faizi deməkdir. Sonrakı yerləri 9,8 min tonla (ümumi idxalın 15 faizi) Bolqarıstan, 8,9 min tonla (13,6 faiz) Yunanıstan tutur. Rusiya ilə Türkiyə 4-cü və 5-ci yerləri bölüşürlər.
SİNQ-in məlumatında qeyd edilir ki, ötən il Gürcüstana ən çox neft məhsulları məhz dekabr ayında gətirilib.
Dekabrda bu ölkəyə 38,4 min ton benzin, 68,5 min ton dizel yanacağı gətirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi