YANVAR GECƏSİ
Xəbər verdiyimiz kimi, Rusiyanın nüfuzlu nəşrlərindən olan “Tribuna” qəzeti 20 yanvar tarixli nömrəsinin “İmena” (“Adlar”) rubrikası ilə çıxan səhifəsini Azərbaycan xalqının ümummilli lideri Prezident Heydər Əliyevin xatirəsinə həsr etmişdir. AZƏRTAC həmin səhifənin materiallarını oxuculara təqdim edir.
15 il əvvəl Qorbaçovun sərəncamı ilə Sovet Ordusunun
hissələri Bakıya daxil oldular. Bununla əlaqədar Heydər
Əliyevin verdiyi bəyanat bütün dünyada səsləndi
Moskvanın tanınmış “Molodaya qvardiya” nəşriyyatının “Görkəmli adamların həyatı” adlı məşhur seriyasında Viktor Andriyanovun və Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı çapa hazırlanır. Bu sənədli povestin fəsillərindən biri 1980-ci illərin axırları - 90-cı illərin əvvəllərinin hadisələrinə həsr olunmuşdur. Povestdən parçaları oxuculara təqdim edirik.
İttifaq əhəmiyyətli fərdi pensiyaçı (belə rəsmi ifadə vardı) Heydər Əlirza oğlu Əliyev Sov.İKP Mərkəzi Komitəsinin üzvü olaraq qalırdı. O, işlərdən, əslində, uzaqlaşdırılmış olsa da, nəyisə öyrətməyə, nədəsə məsləhət verməyə, öz tövsiyələrini bölüşməyə çalışırdı. Qorbaçov onu qəbul etmədi. Liqaçov qəbul etmək istəmirdi. Nə isə, Əliyev bir dəfə səhər qəbul otağında oturub Yeqor Kuzmiçi gözlədi.
Sonralar Heydər Əliyev həmin görüşü belə xatırlayırdı:
- Mən Dağlıq Qarabağda vəziyyət barədə öz baxışlarımı ona söyləyirdim. O dinlədi, dinlədi, amma mənə ağlabatan bir söz demədi. Mən isə düşünürdüm ki, müəyyən dərəcədə faydalı ola bilərəm.
“Tamamilə məxfi. Sov.İKP MK
Dağlıq Qarabağda və onun ətrafında vəziyyətin
kəskinləşməsi ilə əlaqədar tədbirlər haqqında
Dağlıq Qarabağda və onun ətrafında hadisələrin inkişafı DQMV-də, Naxçıvan MSSR-də və Azərbaycanın bütün ərazisində azərbaycanlılarla ermənilər arasında kütləvi silahlı toqquşmalara gətirib çıxara bilər. İctimai asayişin və əhalinin təhlükəsizliyinin təmin olunması üçün daxili qoşunların və milis bölmələrinin qüvvələri ilə görülən tədbirlər kifayət etməyə bilər.
Bununla əlaqədar elə indinin özündə əhalinin müdafiəsi üçün Sovet Ordusu bölmələrindən istifadə edilməsinin mümkünlüyünü nəzərdə tutmaq yaxşı olardı. Hadisələrin belə fəlakətli inkişafı təqdirində Azərbaycanın və Ermənistanın ayrı-ayrı yerlərində fövqəladə vəziyyət elan edilməsi barədə də təkliflər hazırlamaq məsləhətdir...
N.Slyunkov
V.Çebrikov
29 avqust 1989-cu il”.
Qorbaçova ünvanlanmış digər məktubda Sov.İKP MK katibi və DTK-nın sədri “Azərbaycanın və Ermənistanın rayon və şəhər milis şöbələri və bölmələrindən avtomat və snayper silahının götürülməsini... Azərbaycan və Ermənistan ərazilərində yerləşdirilmiş doludağıdan zenit artilleriya və raket qurğularının Zaqafqaziya hərbi dairəsi hissələrinin sərəncamına verilməsini” təklif edirdilər. Daha bir çox digər tədbirlər, “zorakılıq əməliyyatları aparılması üçün yaradılmış millətçi və ekstremist silahlı birləşmələrin üzə çıxarılması və zərərsizləşdirilməsi” kimi, ümumən, ağlabatan tədbirlər nəzərdə tutulurdu.
Həmin vaxtadək hər iki respublikadan artıq 300 mindən çox adam baş götürüb qaçmışdı. Kreml İttifaqda baş verən hadisələri daha idarə edə bilmirdi. Baş katib ancaq orduya ümid bəsləyirdi.
21 yanvar 1990-cı il
Səhərdən Leontyev döngəsinə, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin binası qarşısına həyəcanlı insanlar toplaşmağa başlamışdı. Onları buraya Bakıdan alınan xəbər gətirirdi: Sovet Ordusunun qoşunları şəhərə yeridilib, dinc əhali arasında tələfat var. Nə olmuşdur? Rəsmi məlumata artıq az adam inanırdı. Hamı ağlabatan bir izahat gözləyirdi. Məhz onda Heydər Əliyev öz mövqeyini tam cəsarətlə bəyan etdi. O, daimi nümayəndəliyə müalicə olunduğu Barvixadan gəldi: “İndi müalicə vaxtı deyildir!” O, daha susmadı.
Əliyevin verdiyi bəyanatı onlarca telekamera və mikrofon yazırdı.
“Əziz həmvətənlərim, xanımlar və cənablar!
Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmişəm, Sov.İKP MK Siyasi Bürosuna üzv olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Məni buraya Azərbaycanda baş vermiş faciə gətirmişdir. Mən baş vermiş hadisələr haqqında dünən səhər xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.
Azərbaycanda baş verən hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlər üzərində ətraflı dayanmaq istəmirəm.
Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağda və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan rəhbərlərinə, eləcə də ölkənin ali siyasi partiya rəhbərliyinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün ikiillik müddət kifayət idi.
Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali siyasi partiya rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsəydi idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.
Əliyev demişdi ki, məsələni siyasi cəhətdən tənzimləmək üçün Azərbaycanda əlverişli imkanlar olmuşdur. “Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur. Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsil vəziyyəti qiymətdəndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Görünür, onlar bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər...
Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.
Elə həmin gün Heydər Əliyev Azərbaycan KP MK-ya, respublika Ali Sovetinə və Nazirlər Sovetinə başsağlığı teleqramı göndərdi.
...İyulun 20-də Heydər Əliyev təyyarə ilə Bakıya gəldi.
Şəhidlərin məzarları qarşısında baş əydi.
Baş daşlarından gənc çöhrələr baxırdı - on dörd, on səkkiz, iyirmi, iyirmi səkkiz... yaşlı cavanlar. İlham Allahverdiyev, Farizə Allahverdiyeva, Vera Bessantina, İlqar İbrahimov, Ağabəy Novruzbəyli... Əlbəttə, onlar yaşamalı, övlad böyütməli, sonra isə nəvə-nəticə görməli idilər... Amma yox, cavanlar, sizin övladlarınız olmayacaq, nəvələriniz olmayacaq... Xatirə günündə vaxtsız qocalan ananız gələcək, atanız baş daşını sığallayacaq, sanki övladını bağrına basacaqdır.
Heydər Əliyev ağır-ağır məzardan məzara doğru gedir, şəkillərə diqqətlə baxır ki, bəlkə də, kimisə tanıyar. Yox, o, respublikadan gedəndə onlar lap uşaq idilər. Futbol oynayır, Xəzərə çimərliyə qaçırdılar - onların sevimli dənizi indi orada, aşağılarda bərq vurur, amma onun sahilinə getmək daha mümkün deyil... Oğlan və qızları, ahılları - burada torpağa tapşırılanlar arasında onlar da az deyil - bir daha həyata qaytarmağın mümkünsüzlüyündən doğan ağrı-acı ürəyi qana döndərirdi.
VLADİMİR PUTİN: “O, SİYASƏT NƏHƏNGİDİR”
Heydər Əliyevi digər ölkələrin dövlət və ictimai xadimləri, dünyanın görkəmli siyasətçiləri necə qiymətləndirirlər?
Rusiya Prezidenti Vladimir Putin deyirdi ki, Heydər Əliyev ölkəmizdə nəinki Rusiyanın, həm də bütün Sovet İttifaqının görkəmli xadimi kimi tanınmışdır. Rusiya Prezidenti Heydər Əliyevin xatirəsinə ehtiramını bildirmək üçün 2003-cü ilin dekabrında Bakıya gəlmişdi. O, həmin vaxt demişdi: “Mən Heydər Əliyeviçə böyük hörmət bəsləyirdim. Mən ona, sadəcə, böyük hörmətlə yanaşmırdım, mən ona məhəbbət bəsləyirdim. O, görkəmli siyasi xadim idi. Mübaliğəsiz demək olar ki, siyasət nəhəngi idi”.
Fransa Prezidenti Jak Şirak Əliyev haqqında demişdir: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı tərəqqi yoluna çıxarmışdır”.
Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti Aleksandr Dzasoxov isə belə hesab edir: “Sovet dövrünün böyük siyasi və dövlət xadimi, Azərbaycan xalqının böyük oğlu olan Heydər Əliyevin zəngin təcrübəsinə sovet dövlətinin parçalanması ilə başa çatan siyasi zəlzələdən sonra onun vətəninin böyük ehtiyacı oldu”.
Aleksandr Sergeyeviç 1976-cı ilin maraqlı bir epizodunu xatırlayır. O vaxt, partiyanın növbəti qurultayı ərəfəsində Qafqazın siyasi liderlərindən kimin Sov.İKP MK Siyasi Bürosunun tərkbinə daxil olacağını ölkənin siyasi dairələrində qızğın müzakirə edirdilər.
Dzasoxov deyir:
- Etiraf etməliyəm, bu fikirdə idim ki, uzun illərin ənənəsinə əsasən, Eduard Şevardnadzeyə üstünlük veriləcəkdir. Şevardnadzeyə qədər Siyasi Büroya Vasili Mjavanadze daxil idi. Bu mübahisə zamanı bakılı müsahibim inamla belə bir fikir söylədi ki, Siyasi Büronun tərkibinə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev seçiləcəkdir. Elə də oldu.
Mən Heydər Əliyeviçin ailəsi ilə yaxşı tanış idim. Onun ömür-gün yoldaşı Zərifə Əzizovnanı, Zərifə xanımı xoş sözlərlə xatırlamaq istəyirəm. Heyif ki, o, 1985-ci ildə Moskvada vaxtsız vəfat etdi. Ailə faciəsi Heydər Əliyeviçi sarsıtmışdı. İnamla deyə bilərəm ki, Zərifə xanım Əliyevlər ailəsinin təşəkkülündə, gözəl övladlarının: qızı, şərqşünas alim Sevilin və atasının layiqli oğlu, suveren və Rusiyaya dost Azərbaycana başçılıq edərək, Heydər Əliyeviçin işini davam etdirən İlhamın tərbiyəsində mühüm rol oynamışdır.
Mən Heydər Əliyevin ikinci müddətə Azərbaycan prezidenti vəzifəsinə başlaması münasibətilə 1998-ci il oktyabrın 15-də keçirilən mərasimdə onun qonaqları və Azərbaycanın qonaqları arasında olmaq dəvətini sevinclə qəbul etdim. Belə təntənəli mərasimə MDB, Şərqi Aralıq dənizi ölkələrindən, Avropa dövlətlərindən bu qədər dövlət rəhbərlərinin gəldiyini xatırlaya bilmirəm. Bu, Heydər Əliyevin bütün dünyada böyük şöhrətə malik olduğunu göstərirdi. Bakıda nəhəng bir sarayın (indi bu saray onun adını daşıyır) salonunda Heydər Əliyev, həmişəki kimi, yenə də konspektsiz çıxış etdi. Artıq heç də cavan olmadığına baxmayaraq, o, təxminən üç min Azərbaycan vətəndaşının və onlarca xarici nümayəndə heyətinin olduğu auditoriya qarşısında iki saat nitq söylədi. Bu iki saat ərzində o, Azərbaycanın özünə, ümumən Qafqaza aid mövzuların, Heydər Əliyev üçün mühüm olan Rusiya-Azərbaycan münasibətləri mövzusunun məntiqi təhlilini qətiyyən itirmədən danışdı.
1993-1996-cı illərdə Rusiyanın yanacaq və energetika naziri, indi isə Rusiya Ali Mədən Şurasının sədri, “SoyuzNefteQaz” Beynəlxalq Neft Şirkəti idarə heyətinin sədri Yuri Şafranik o illərdə Rusiya nazirlərindən, bəlkə də, yeganə adam idi ki, Bakıda olmuşdu, Azərbaycanın düşdüyü çox çətin - bu, hələ yumşaq deyilir - vəziyyəti görmüşdü. Yuri Konstantinoviç deyir:
- Aradan neçə illər ötdükdən sonra deyə bilərəm ki, Heydər Əliyev o vəziyyətdə 100 faiz müvəffəqiyyətə nail oldu. Mən Heydər Əliyeviçi görkəmli insan və siyasətçi hesab edirəm. Azərbaycan xalqı, respublika məhz belə lideri tələb edirdi və o, yenilməmiş halda qayıtdı. O, öz ölkəsinin ali mənafelərini nəzərə alaraq fəaliyyət göstərirdi. Mən onda demişdim və indi də təkrar edirəm: onu Tanrı hazırlamış və ən mürəkkəb, kəşməkəşli dövrdə Azərbaycana vermişdi.
Sergey DNEPROV
Şəkil sözü
Liderlər nəsilləri: Vladimir Putin, Heydər Əliyev, İlham Əliyev.
ONU EL ATASI ADLANDIRIRLAR
HEYDƏR ƏLİYEVİN ADI MÜXTƏLİF ÖLKƏLƏRDƏ
YAŞAYAN MİNLƏRLƏ İNSANI BİRLƏŞDİRİR
Bu yaxınlarda Azərbaycan xalqı, beynəlxalq ictimaiyyət hüznlü bir tarixi - ümummilli liderimiz, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin vəfatının birinci ildönümünü qeyd etdi. Mən onunla 1982-ci ildə, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda işləyərkən tanış olmuşdum. O vaxtdan - institutda da, daha sonra Naxçıvanda, müstəqil Azərbaycanın parlamentində, Prezident-Əliyevin yanında da bir çox başqa görüşlərimiz olmuşdu. Hər dəfə də onun enerjisinin mənə necə təsir etdiyini hiss edir, daha yaxşı, daha çox işləmək istəyirdim.
İctimai xadim və alim, Azərbaycanın ən iri partiyalarından birinin - Sosial Rifah Partiyasının rəhbəri kimi mən həmişə Heydər Əliyevin ideyaları və prinsipləri mövqeyində qətiyyətlə dayanmışam. Onları öz həyat prinsiplərimə çevirmişəm.
Həmin hüznlü günlərdə Azərbaycanın dərdinə şərik olub ona təsəlli verənlər arasında rusiyalılar çox idi. Bu da təəccüblü deyildir, axı Rusiya Heydər Əliyevin həyatının bir hissəsi idi - o, burada oxumuş, işləmiş, layiq olduğu mükafatları, o cümlədən iki dəfə Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzunu almış, görkəmli dövlət xadimi kimi tanınmışdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bunu dəfələrlə qeyd etmişdir.
Bəli, Rusiyada Heydər Əliyev unudulmamışdır, onun xatirəsi daim minnətdarlıq və hörmətlə yad edilir. Bu, xüsusilə bilavasitə onunla işləyənlərə və Sov.İKP MK Siyasi Bürosunun üzvü kimi, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi onunla görüşənlərə aiddir. Bu insanları Heydər Əliyev şəxsiyyətinə minnətdarlıq və ehtiram hissi, öz təəssüratlarını bölüşmək istəyi birləşdirir.
Bütün bunlar üçün bizə doğma olan insanlara - rusiyalılara dərindən minnətdarıq. Sovet İttifaqının rəhbərlərindən biri, Azərbaycan xalqının şanlı oğlu Heydər Əliyeviç Əliyev beş il onların arasında işləmişdir.
Onun haqqında xatirələri toplamaq, əvvəlcə Rusiya və Azərbaycan mətbuatında, sonra isə, ümidvaram ki, toplu halında nəşr etdirmək arzusu məhz bu hisslərdən doğmuşdur. Əminəm ki, Heydər Əliyevlə görüşləri haqqında xatirələrini bölüşmək barədə xahişimizə “Tribuna” qəzetinin oxucuları da səs verəcəklər. Qədimdə deyiblər ki, kitabların öz taleyi var və biz ümid edirik ki, bu nəşrin taleyi uğurlu olacaqdır.
...O, bir il öncə, öz yaradıcılıq ideyalarını - xalq üçün həyat proqramına çevrilmiş böyük irsini miras qoyaraq bizi tərk etdi.
Mən öz fəaliyyətimdə həmişə bu irsi rəhbər tuturam. Bu irs xüsusilə ona görə vacibdir ki, o, doğrudur, biz, bunu indi, onunla birgə və onun rəhbərliyi altında keçdiyimiz yola nəzər saldıqda görürük. Biz bu yolla getmişik, gedirik və gedəcəyik. Əvvəllər onunla getmişik, indi isə el atası adlandırılan insanın ideyaları ilə silahlanaraq, Prezident İlham Əliyevlə gedəcəyik.
Xanhüseyn KAZIMLI,
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Sosial Rifah Partiyasının sədri,
iqtisad elmləri doktoru, professor
Bakı
ARAŞDIRIN. MƏRUZƏ EDİN
BU DƏRKƏNARI SOV.İKP MK SİYASİ BÜROSUNUN
ÜZVÜ, SSRİ NAZİRLƏR SOVETİ SƏDRİNİN BİRİNCİ MÜAVİNİ HEYDƏR ƏLİYEV MOSKVA ALİMLƏRİNİN MƏKTUBUNUN
ÜSTÜNDƏ YAZMIŞDI
Mən 1981-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının Ümumi və Pedaqoji Psixologiya İnstitutunda (indi Rusiya Təhsil Akademiyasının Psixologiya İnstitutu) yeni tədris texnologiyaları laboratoriyasına rəhbər təyin edildim. Bu, cəmi 10 nəfərdən ibarət nisbətən kiçik qurum idi. Bizim apardığımız tədqiqatların nəticələri təkcə akademiyada deyil, geniş elmi ictimaiyyət arasında da yaxşı qarşılanmışdı. O zaman instituta tanınmış alim, mənim elmi rəhbərim akademik V.V.Davıdov rəhbərlik edirdi. Təəssüf ki, o, instituta rəhbərlikdən kənarlaşmağa məcbur oldu, yerinə başqa adam direktor təyin edildi.
... 1985-ci il idi. V.V.Davıdovun tələbələri və ardıcılları üçün çətin günlər başlandı. Məsələn, mənə başqa bir işə keçmək təklif olundu, laboratoriya isə dağılmaq təhlükəsi qarşısında qalmışdı.
Qeyd edim ki, nə mən, nə də əsas heyəti indiyədək qalmış laboratoriyanın əməkdaşları yeni rəhbərliyin mövqeyini qəbul etmədilər. Onlar başlanmış tədqiqatları davam etdirmək və işi qoruyub saxlamaq üçün hər cür imkandan istifadə etməyə çalışırdılar. Biz müxtəlif instansiyalara müraciət edir, dəlillər gətirir, alınmış nəticələri misal çəkir, inandırır, sübut edirdik... Lakin o zaman təşkilati qərarları akademiyanın prezidenti qəbul edirdi və bu qərarlara təsir göstərəcək bir adam yox idi.
Laboratoriyanın qorunub saxlanılmasına sonuncu cəhdimiz Sov.İKP MK-ya yazılı müraciətimizdən ibarət oldu. Mənim filosof dostlarımdan biri Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini H.Ə.Əliyevin adına məktub yazmağı, onu işin mahiyyətindən, yeni rəhbərliyin əməllərinin əsassız olduğundan agah etməyi məsləhət gördü. Bu məsələlərlə məhz Heydər Əliyev məşğul olurdu. Əlbəttə, biz çox yaxşı başa düşürdük ki, belə yüksəkrütbəli dövlət və partiya rəhbərinin kiçicik bir laboratoriyanın taleyi ilə məşğul olmaq üçün çətin ki vaxtı olsun. Buna görə də ümidimiz çox az idi.
Lakin çox keçmədən mən məktubun çatdığını və baxılmaq üçün qeydə alındığını biləndə hamımız çox təəccübləndik. Heydər Əliyev məktubun üstündə ikicə kəlmə yazmışdı: “Araşdırın. Məruzə edin”. Məktubun aparat əməkdaşlarından məhz kimə ünvanlandığı indi artıq yadımda deyil. Bircə onu deyə bilərəm ki, rəhbərin diqqəti və sənəddəki dərkənarın tələbkar ahəngi bizdə həyati əhəmiyyəti olan bir məsələnin müsbət həll ediləcəyinə ümid və əminlik yaratmışdı. Belə də oldu. Laboratoriya müvəffəqiyyətlə işini davam etdirdi. Onun fəaliyyətinin davam etdirilməsi haqqında əmri yeni direktor imzalamışdı və o, çox qəribə də olsa, məni və əməkdaşlarımı qəbul olunmuş qərar münasibətilə təbrik etdi. O vaxtdan çox illər keçmişdir və çoxları üçün əhəmiyyətsiz, təkcə bir neçə nəfər üçün mühüm olan bu epizod saysız-hesabsız talelər, hadisələr selində yəqin ki, unudulmuşdur. Lakin yaddaşıma həkk olunmuş bu hadisə indi bir daha xatirimdə canlandı.
1996-cı ildə mən Moskva Şəhər Psixoloji-Pedaqoji İnstitutuna (2002-ci ildən universitetdir) rektor təyin edildim. Paytaxtın tədris departamenti sisteminə daxil olan bu ali məktəbi Moskva hökuməti təsis etmişdir. O, fəal inkişaf edir, həm bu sistem, həm də şəhərin sosial sahəsi üçün mütəxəssislər hazırlayır. 1997-ci ildə mənə Azərbaycandan gəlmiş 14 tələbəni birinci kursa qəbul etmək təklif olunmuşdu. Mən razılıq verdim. Təkcə ona görə yox ki, Sovet İttifaqında yaradılmış təhsil məkanını parçalanmaz hesab etmişəm və edirəm. Belə bir gözlənilməz anda Heydər Əliyeviç Əliyevə - adamların talelərinə həssas münasibət bəsləyən, onlara yardım əli uzatmağa və dəstək verməyə hazır olan alicənab və yüksək əxlaqa malik bir insana minnətdarlığımı ifadə etmək mənim üçün vacib idi. Məni şəxsən tanımadan, laboratoriya əməkdaşlarının səhifəyarımlıq məktubda yazdıqları informasiyaya əsaslanaraq, o, məhz, ümumən, iş üçün deyil, hər bir konkret insanın taleyi, görülən işin taleyi üçün məsuliyyət daşıyan dövlət xadimi kimi hərəkət etmişdi.
1997-ci ildə Moskva və Azərbaycan hökumətləri arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində biz bu respublikadan gəlmiş abituriyentləri qəbul etdik. Onların hamısı 2002-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq, universitetimizin aspirantı oldu.
2002-ci ildən Moskva hökumətinin hazırladığı “2003-2005-ci illərdə xaricdəki həmvətənlərimizə yardım üzrə ortamüddətli, məqsədli kompleks proqram”a uyğun olaraq, Azərbaycandan bir qrup tələbə universitetimizdə təhsil alır. 2002-ci il sentyabrın 24-də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Moskvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə tarixi görüşü oldu. Görüşdə bizim universitetin bir neçə tələbəsi də iştirak edirdi. Tələbələr Prezidentə moskvalıların onları səmimi qarşıladıqlarından, öz həyatları və təhsillərindən söhbət açdılar. Heydər Əliyev gələcəkdə Azərbaycana fayda vermək üçün tələbələri seçdikləri peşəyə yüksək səviyyədə yiyələnməyə çağırdı.
Unversitetimizin beynəlxalq şöbəsinin əməkdaşları və Azərbaycandan gəlmiş tələbələr Ümumrusiya Azərbaycan Konqresinin ikinci qurultayının işində iştirak etmişlər. Qurultayda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev çıxış etmişlər.
Bu oğlan və qızlar keyfiyyətli təhsil almağın nə dərəcədə vacib olduğunu yaxşı başa düşürlər.
Valeri RUBTSOV,
Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin
rektoru, psixologiya elmləri doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademiki