CƏMİYYƏT
Yanvar-iyul aylarında əlilliyi olan şəxslər 17 min 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin olunub
Bakı, 2 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 17 min 471 protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 411-ni əlil arabası, 683-nü aşağı və yuxarı ətraf protezi, 1056-nı aşağı və yuxarı ətraf ortezi, 341-ni bel və boyun nahiyəsi üçün korset, 5236-nı müxtəlif reabilitasiya vasitələri, 754-nü dirsəkaltı ağac, 368-ni dördayaqlı dayaq vasitəsi təşkil edib. Həmçinin əlilliyi olan şəxslərə 1464 cüt protez ayaqqabı, 2722 cüt ortopedik ayaqqabı, 477 cüt qoltuqaltı ağac, 1008 əsa, 111 ortopedik aparat, 243 eşitmə aparatı və s. verilib. Bu dövrdə əlilliyi olan şəxslərə məxsus 443 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə verilib.
Ümumilikdə yanvar-iyul aylarında 5714 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 697 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Qeyd olunan dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 351 nəfər əlilliyi olan şəxs protezlə hərəkət edilmənin öyrədilməsi, anadangəlmə bəzi qüsur və deformasiyaların, habelə serebral iflicin fəsadlarının aradan qaldırılması və s. məqsədilə stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunub.