SİYASƏT
YAP-da Fransa-Azərbaycan əlaqələri müzakirə olunmuşdur
Bakı, 11 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov partiyanın mənzil qərargahında Fransa Respublikasının ölkəmizdəki səfiri Paskal Menye ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Əli Əhmədov Fransa ilə Azərbaycan arasında siyasi, iqtisadi əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirmiş, gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Səfir Paskal Menye iki ölkə arasındakı əlaqələrin sıx dostluq münasibətlərinə söykəndiyini qeyd etmiş, qarşılıqlı əməkdaşlıq münasibətlərinin gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə YAP icra katibinin müavini Siyavuş Novruzov iştirak etmişdir.