ELM VƏ TƏHSİL
YAP Gənclər Birliyinin ofisində İKT üzrə yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir
Bakı, 12 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə yüksək nəticələr göstərərək ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu gün dünyada informasiya-kommunikasiya texnologiyalarının digər sahələri üstələməkdə olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycanda da bu sahənin inkişafına xüsusi diqqət yetirilir.
Görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov tələbələri təbrik edərək bildirmişdir ki, İKT sahəsinin prioritet sahə elan olunması hələ ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmişdir.
Cari ilin “informasiya-kommunikasiya texnologiyaları ili” olduğunu nəzərə çatdıran İ.Məmmədov Azərbaycanın peykinin orbitə buraxılmasından hər bir azərbaycanlının qürur duyduğunu demişdir.
Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bütün tələbələri təbrik edərək Azərbaycanda İKT sahəsində intensiv inkişafın olduğunu qeyd etmişdir.
Tədbirdə yüksək bal toplamış tələbələrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hədiyyə olaraq 3 il müddətinə elektron xidmətlərdən pulsuz istifadə paketi və digər hədiyyələr, eyni zamanda, - YAP Gənclər Birliyinin təşəkkürnamələri təqdim edilmişdir.