SİYASƏT
YAP-ın 20 illiyi Qobustan rayonunda təntənəli surətdə qeyd edilmişdir
Bakı, 11 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının 20 illiyi Qobustan rayonunda təntənəli surətdə qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Toplantıda YAP Qobustan rayon təşkilatının sədri Füzuli Güləliyev, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində keçdiyi zəngin tarixi yola nəzər salmışlar.
Qeyd olunmuşdur ki, Azərbaycan 20-ci əsrin sonunda öz müstəqilliyini bərpa etdikdən sonra, xalqın emosiyaları üzərində hakimiyyəti ələ alanlar ölkəni idarə edə bilməmiş, iqtisadiyyatı dağıtmış, anarxiyanın baş alıb getməsinə şərait yaratmışlar. Yarıtmaz siyasətin nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna zərbə vurulmuşdur.
Ölkədə cərəyan edən xaos və anarxiyadan təngə gələn xalq Naxçıvanda yaşayan görkəmli siyasi xadim Heydər Əliyevə müraciət edərək ondan xalqı təmsil edən yeni siyasi təşkilata-Yeni Azərbaycan Partiyasına rəhbərlik etməsini xahiş etmişdir. Xalqın əzablarına biganə qala bilməyən Heydər Əliyev yeni yaradılan partiyaya rəhbərlik etməyə razılıq vermiş və Bakıya qayıdaraq ölkə Prezidenti seçilmişdir. Heydər Əliyev Azərbaycanda ictimai-siyasi sabitliyi bərpa etmiş, müharibəni dayandırmış, Qərbin iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalayaraq ölkəni iqtisadi inkişaf yoluna çıxartmışdır.
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.
Tədbirdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən də bəhs olunmuşdur.