SİYASƏT
YAP QADINLAR ŞURASI ZAQATALADA ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
Zaqatala, 30 oktyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə oktyabrın 30-da Zaqatala şəhərində “İctimai-siyasi proseslərdə qadınların fəallığının artırılması” mövzusunda zona müşavirəsi keçirilmişdir. Tədbirdə partiyanın Şəki, Qax, Balakən və Zaqatala rayon təşkilatları qadınlar şurasının üzvləri, fəal qadınlar iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Müşavirədə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə öz ətrafında ulu öndər Heydər Əliyevin ideyalarına sadiq insanları birləşdirən Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu qüvvəyə çevrildiyini bildirmiş, qazanılan uğurlarda partiyanın sədri, ümummilli liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Qadınların demokratik cəmiyyətin bərabərhüquqlu üzvü olduğunu diqqətə çatdıran M.Əhmədzadə ictimai-siyasi proseslərdə onların fəallığının artırılmasının vacibliyini qeyd etmiş, müşavirənin işinə uğurlar arzulamışdır.
Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.
Tədbirdə YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva və şuranın idarə heyətinin üzvü Gülçöhrə Məmmədova ölkəmizdə demokratik, sivil cəmiyyət qurulmasında, aparılan nəhəng quruculuq işlərində qadınların rolunun durmadan artdığını bildirmiş, onların istehsalatın bütün sahələrində, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində əzmlə çalışdıqlarını, ictimai-siyasi, sosial-mədəni həyatda fəallığının daha da artdığını vurğulamışlar. Qeyd olunmuşdur ki, YAP Qadınlar Şurası, o cümlədən rayon təşkilatları partiyanın proqram və nizamnaməsində müəyyən olunmuş məqsəd və vəzifələrin həyata keçirilməsində yaxından iştirak edir, müstəqil dövlətimizin möhkəmləndirilməsi, ədalətli cəmiyyətin yaradılması işinə qadınları daha fəal cəlb etmək üçün məqsədyönlü iş aparırlar. Natiqlər Azərbaycan qadınının istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yaxından tanınmasında, şöhrət və nüfuzunun daha da artmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətini çox yüksək qiymətləndirmişlər.
Dekabrın 23-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərə toxunan natiqlər, ölkə əhalisinin 51 faizini təşkil edən qadınların bələdiyyə orqanlarında daha çox təmsil olunmasının vacibliyini qeyd etmiş, rayon təşkilatlarına bu məsul siyasi kampaniyada uğurlar arzulamışlar.
Digər çıxış edənlər qadınların cəmiyyətdə yeri və rolu barədə danışmış, onların ictimai-siyasi həyatda fəallığının artırılması ilə əlaqədar rayon təşkilatlarının gördüyü işlərdən bəhs etmişlər.
######