SİYASƏT
YAP SƏBAİL RAYON TƏŞKİLATI İDARƏ HEYƏTİNİN GENİŞ TƏRKİBDƏ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 6 yanvar (AZƏRTAC). Yanvarın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı idarə heyətinin geniş tərkibdə iclası keçirilmişdir.
İclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, ərazi ilk təşkilatlarının sədrləri iştirak etmişlər.
YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov gündəliyə daxil edilmiş məsələlər barədə məlumat vermiş, partiyanın rayon təşkilatının, Qadınlar Şurasının və Gənclər Birliyinin rayon təşkilatlarının 2009-cu ilin II yarısı və il üzrə statistik hesabatları dinlənilmişdir.
Qeyd olunmuşdur ki, hazırda 117 ərazi ilk təşkilatını birləşdirən rayon təşkilatının sıralarında 22 min 563 partiya üzvü qeydiyyatda dayanır. Bunlardan 13 min 86 nəfəri qadın, 14 min 618 nəfəri isə gənclərdir. Hesabat dövründə rayon təşkilatının sıraları daha da genişlənmiş, YAP sıralarına 1047 nəfər qəbul olunmuşdur. Yeni üzvlərin partiya sıralarına qəbulu zamanı keyfiyyətə xüsusi diqqət yetirilmiş, onların ictimai fəallığı, siyasi proseslərdə iştirakı, əqidə saflığı əsas meyar kimi götürülmüşdür.
Gündəliyə uyğun olaraq YAP Səbail rayon təşkilatının və nəzarət təftiş komissiyasının 2010-cu il üzrə fəaliyyət planları müzakirə edilərək təsdiq olunmuşdur.
İclasda rayonda bələdiyyə seçkilərinin yekunu haqqında məsələ də müzakirə olunmuşdur. Bildirilmişdir ki, son bələdiyyə seçkilərində rayon üzrə 3 bələdiyyəyə namizədlər sırasında YAP üzvləri fəal iştirak etmişlər. Həmin bələdiyyələr üzrə 41 yer uğrunda 38 YAP üzvü də mübarizə aparmışdır. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, onlardan 25-i artıq bələdiyyə üzvü seçilmişdir.
Rayonda bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsində göstərdikləri fəallığa görə YAP üzvlərinə təşəkkürünü bildirən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, rayon seçici fəallığına görə Bakı şəhəri üzrə birinci olmuşdur. Cari ilin oktyabrında Milli Məclisə seçkilərin keçiriləcəyini xatırladan icra hakimiyyətinin başçısı, idarə heyətinin üzvlərini qarşıdakı seçkilərdə də fəal iştiraka dəvət etmişdir.
İdarə heyətinin iclasında təşkilati məsələlərə baxılmış, yeni yaradılmış stomatologiya poliklinikası ərazi ilk təşkilatı təsdiq edilmiş, bir qrup YAP üzvünün hüquq mühafizə orqanlarına işə keçməsi ilə əlaqədar müraciətləri barədə müvafiq qərar qəbul olunmuşdur.
######