SİYASƏT
YAP TOVUZ RAYON TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR TƏŞVİQAT KAMPANİYASINA BAŞLAMIŞDIR
Tovuz, 3 dekabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına başlamışdır. Bu münasibətlə xüsusi qərargah yaradılmışdır.
Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində qərargah üzvləri rayonun Dönük Qırıqlı kəndində tədbir keçirmişdir. YAP rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məzahir Bayramov kampaniyanın gedişi barədə ətraflı məlumat vermişdir.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev və deputat Asəf Hacıyev ölkəmizdə aparılan böyük quruculuq işlərindən, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışmışlar.
Deputatlar bələdiyyələrin bu prosesdə iştirakından və qazandıqları uğurlardan, qarşıda duran problemlərdən söz açmış, gənclərin və qadınların bələdiyyələrin fəaliyyətində yaxından iştirakının vacibliyini vurğulamışlar. Natiqlər seçiciləri seçki kampaniyasında fəal iştirak etməyə çağırmışlar.