DÜNYA
Yaponiya aviaşirkətləri “Samsung Galaxy Note 7”nin göyərtədə daşınmasına qadağa qoyub
Tokio, 17 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti “Samsung Galaxy Note 7” smartfonlarının yerli aviaşirkətlərə məxsus təyyarələrin göyərtəsində daşınmasına qadağa tətbiq edib. Bu barədə Yaponiya Dövlət Torpaqları, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi məlumat yayıb.
Bununla əlaqədar Yaponiyanın “Japan Airlines” və “All Nippon Airways” aviaşirkətləri veb-saytlarında həmin smartfonun əl yükündə və baqajda daşınmasına qadağa barədə məlumatlar yerləşdiriblər.
Bu model Yaponiyada rəsmi satışa buraxılmadığına görə, tətbiq edilən qadağa əsasən xarici vətəndaşlara aiddir.
Xatırladaq ki, “Samsung Electronics” şirkəti “Galaxy Note 7” modelinin akkumulyatorlarında baş verən problemlə bağlı sentyabrın 2-dən onun satışını dayandırıb. Bu, smartfonların akkumulyatorlarının öz-özünə partlaması ilə əlaqələndirilirdi. Lakin sonradan şirkət nasazlığın aradan qaldırıldığını bildirsə də sentyabrın 9-a Avstriyada nəzərdə tutulan satış zamanı həmin model piştaxtalara daxil olmayıb.
Nəticədə şirkət oktyabrın 11-də “Galaxy Note 7” smartfonunun istehsalının tamamilə dayandırıldığını bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio